23 ildir səyahət verilişlərinin aparıcısı olan Azər Qərib gənc telejurnalistlərlə görüşdə səyahət jurnalistikası, şəxsi təcrübələri və həyat fəlsəfəsi barədə fikirlərini bölüşüb.
Bakupost.az xəbər verir ki, Azər Qərib jurnalistikaya marağı uşaqlıqdan yarandığını və ilk yazısı 12 yaşında qəzetdə dərc olunduğunu bildirib. Səyahətə olan sevgisi isə zamanla jurnalistika ilə birləşərək onun fəaliyyət istiqamətini müəyyənləşdirib. 2003-cü ildə ANS televiziyasında səyahət verilişi ilə fəaliyyətə başlayan Qərib bu sahədə uzun illərdir çalışır.
Onun sözlərinə görə, səyahət həyatının ayrılmaz hissəsidir.
“Səyahət mənim həyatımdır. Kimsə pul yığır, ev və ya maşın alır. Mən isə qazancımı səyahətlərə sərf edirəm. Nə qədər ki, ayaqlarım yeriyir, səyahət edəcəyəm.”
Azər Qərib gənclərə səyahətə başlamaq üçün büdcələrinə uyğun ölkələr seçməyi tövsiyə edib. O qeyd edib ki, əvvəllər sərhədlərin bağlı olması səyahəti çətinləşdirirdi, lakin hazırda aviaşirkətlərin çoxluğu, hostel və ucuz qida imkanları gənclər üçün bu prosesi daha əlçatan edir.
Jurnalist texnologiyanın inkişafı ilə media sahəsində də böyük dəyişikliklər baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, artıq telefon vasitəsilə video çəkilişi və montaj etmək mümkündür və bu, jurnalistlərin işini xeyli asanlaşdırır.
Qərib indiyədək 108 ölkəyə səfər etdiyini bildirib. O qeyd edib ki, hər bir ölkə fərqli təcrübə və xatirələrlə yadda qalır. Hindistan və Yaponiya isə onun üçün xüsusi təəssürat yaradan ölkələrdir. Hindistanda ilk səfərində antisanitariya və kasıb həyat tərzi onu təəccübləndirsə də, sonrakı səfərlər bu ölkəyə münasibətini dəyişib. Yaponiya isə yüksək texnologiya və inkişaf səviyyəsi ilə onda müsbət təəssürat yaradıb.
Azər Qərib həmçinin Çin və Koreyanın sürətli inkişafını qeyd edərək bəzi sahələrdə Avropanın geridə qaldığını vurğulayıb.
Səyahət jurnalistinin fikrincə, fərqli mədəniyyətləri görmək insanın dünyagörüşünü və həyat fəlsəfəsini formalaşdırır. O bildirib ki, ən çox sevdiyi ölkələrdən biri İtaliyadır və bunu həmin ölkənin temperament və ailə dəyərlərinin Azərbaycan mədəniyyətinə yaxın olması ilə izah edib.
Qərib xarici dillərin öyrənilməsinin jurnalistlər üçün vacib olduğunu deyib. Onun fikrincə, dil yalnız sözlərdən ibarət deyil, həm də intellekt və ünsiyyət mədəniyyətidir.
Sonda Azər Qərib vurğulayıb ki, jurnalistikanın əsasını savad, bilik və öyrənməyə davam etmək təşkil edir. O, gələcəkdə Avstraliya və Yeni Zelandiyaya səfər etməyi planlaşdırdığını, lakin bu səfərin kifayət qədər bahalı olduğunu qeyd edib. Jurnalistin ən uzun uçuşu isə İstanbuldan Braziliyanın San Paulo şəhərinə – 14 saat davam edən səfər olub.