Ru
09:41 / 19 Yanvar 2026

11 ölkədə eyni anda əməliyyat – Biri Azərbaycanda olmaqla 17 beynəlxalq cinayətkar həbs edildi

11 ölkədə eyni anda əməliyyat – Biri Azərbaycanda olmaqla 17 beynəlxalq cinayətkar həbs edildi
Eye

Türkiyə təhlükəsizlik orqanları Avropa və region ölkələrini əhatə edən genişmiqyaslı beynəlxalq əməliyyat çərçivəsində yanvarın 17-də axtarışda olan 17 nəfərin saxlanıldığını və Türkiyəyə gətirildiyini açıqlayıb.

Bakupost.az “The Telegraph”a istinadən xəbər verir ki, əməliyyat Türkiyənin təşəbbüsü ilə “İnterpol” və “Europol”un koordinasiyası altında həyata keçirilib və bu prosesdə Azərbaycan da daxil olmaqla 11 ölkənin hüquq-mühafizə orqanları iştirak edib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında yaydığı məlumatda bildirib ki, qırmızı bülleten əsasında beynəlxalq səviyyədə axtarışda olan 12 nəfər, milli səviyyədə axtarışda olan isə 5 nəfər saxlanılıb. Nazir əməliyyatın Azərbaycan, Almaniya, İraq, Bosniya və Herseqovina, Belarus, Gürcüstan, İtaliya, Qırğızıstan, Kosovo, Şimali Makedoniya və Yunanıstanın hüquq-mühafizə strukturları ilə sıx əməkdaşlıq şəraitində aparıldığını vurğulayıb.

Məlumata görə, milli səviyyədə axtarışda olan şəxslərdən biri Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb. Həmin şəxs əmlaka ziyan vurma, xəsarət yetirmə, eləcə də silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamları ilə axtarışda olub. Onun Türkiyəyə təhvil verildiyi bildirilir.

Nazirin açıqlamasında qeyd olunub ki, saxlanılan şəxslər müxtəlif ağır cinayətlər – narkotiklərin qanunsuz dövriyyəsi, qəsdən adam öldürmə, uşaq istismarı, insan alveri, dələduzluq və transmilli cinayətkarlıqla bağlı ittihamlarla axtarışda olublar. Saxlanılanlar barəsində hüquqi prosedurlar davam etdirilir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar