ABŞ ilə İran arasında münaqişənin həlli üzrə imzalanan 14 bəndlik memorandum göstərir ki, hər iki tərəf müəyyən güzəştlərə gedib.
Memoranduma əsasən tərəflər bir ay ərzində dəniz blokadasını ləğv etməli və ABŞ qüvvələri İranla həmsərhəd ərazilərdən çıxmalıdır.
Digər tərəfdən, ABŞ və müttəfiqləri İranın yenidən qurulması üçün dəyəri azı 300 milyard dollar həcmində olan plan təqdim etməlidir. Tehran isə öz növbəsində Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiqliyini bir daha təsdiqləməli və nüvə silahı istehsalından vaz keçməlidir.
Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin tamamilə və dərhal dayandırılması da sənəddə öz əksini tapıb.
Bütün bunlar müharibənin artıq arxa planda qaldığını düşünməyə əsas verirmi?
Siyasi şərhçi Mehman Əliyev
Bakupost.az-a bildirib ki, imzalanan memorandum ABŞ, İsrail və İranın əsas hədəflərinə çatdıqlarını göstərir:
“İranın proksi qüvvələrə dəstək verməsinin qarşısı alınır. Tehran həmçinin, nüvə silahı yaratmaqdan da imtina edir. Həmçinin, memorandumda regionda əməkdaşlıq da nəzərdə tutulur”.
Hətta həmsöhbətimiz düşünür ki, Vaşinqton, Təl-Əviv və Tehran arasında münasibətlərdə yumşalma da baş verəcək:
“Gözləyirəm ki, bundan sonra Tehranın ABŞ və İsraillə münasibətlərinin yenidən qurulması prosesi də gedəcək. Hətta gələcəkdə, İran “Avraam danışıqları”na da qoşula bilər”.
Ekspert hesab edir ki, sözügedən memorandum İran daxilində demokratik islahatların həyata keçirilməsində də özünü göstərəcək:
“Bunlar gündəmdədir və yaxın gələcəkdə baş verəcək. Müharibə artıq bitdi”.
Rüfət Sultan, BakuPost