Ru
10:53 / 06 İyun 2026

Azərbaycanın ilk milli superqəhrəmanı təqdim olundu - FOTO

Azərbaycanın ilk milli superqəhrəmanı təqdim olundu - FOTO
Eye

İyunun 5-i İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Bakının məşhur Bakı Fotoqrafiya Evində gənc müəllif və rəssam Amir Hüseynlinin fərdi sərgisi keçirilib.


Bakupost.az xəbər verir ki, sərgidə Amir Hüseynlinin müəllifi olduğu “ALOV” adlı orijinal milli superqəhrəmanın təqdimatı olub.

Layihənin mentorları Azərbaycan Respublikasının Əməkdar rəssamları Sabina Şıxlinskaya və Rəşad Mehdiyev olub. Bundan əlavə, layihənin həyata keçirilməsində SS Production, art-direktor Ruslan Cəbrayılov və animator Nigar Nigassandra da iştirak ediblər.

Azərbaycanın ilk milli superqəhrəmanı “ALOV”un təqdimatına IMEC Beynəlxalq Təhsil Mərkəzinin gənc və istedadlı musiqiçiləri və ifaçıları da qatılaraq layihəyə öz töhfələrini veriblər.

Amir Hüseynli 18 yanvar 2012-ci ildə Böyük Britaniyanın London şəhərində anadan olub.

O, artıq 10 ildir ki, Azərbaycanda yaşayır və akademik təhsilini incəsənət, dil və musiqi sahələrindəki fəal inkişafı ilə uğurla birləşdirir.

Mütaliəni sevən, komediya janrında stendapla maraqlanan gənc fortepiano ixtisası üzrə musiqi məktəbində təhsilini başa vurmaq üzrədir.

Onun əsas maraq istiqaməti öz dünyasını və qəhrəmanlarını yaratmaqdır. Amirin “ALOV” adlı orijinal Azərbaycan superqəhrəmanı parlaq identikliyə malikdir və geniş bir kainatın qurulması üçün böyük potensial daşıyır.

“ALOV” layihəsi Amir üçün təkcə komiks deyil. O, bu obrazda Azərbaycan mədəniyyətinin, milli motivlərinin, qəhrəmanlıq ənənələrinin və müasir yaradıcı düşüncəsinin beynəlxalq auditoriyaya təqdim olunması üçün böyük imkan görür. Gənc müəllif gələcəkdə komiksin ingilis dilində nəşr edilərək xarici ölkələrdə təqdim olunmasını arzulayır və artıq seriyanın növbəti buraxılışı üzərində işləyir.

Amirin uzunmüddətli məqsədi dünya miqyasında aparıcı yaradıcı şirkətlərlə rəqabət apara biləcək müstəqil bir studiya yaratmaqdır. Hazırda “ALOV”un iştirakı ilə ilk komiksin nəşri istiqamətində danışıqlar aparılır.

Bu layihə yalnız bir gəncin yaradıcılıq təşəbbüsü deyil, həm də Azərbaycanda komiks mədəniyyətinin inkişafı, milli qəhrəman obrazlarının formalaşdırılması və onların beynəlxalq səviyyədə tanıdılması üçün perspektivli platforma kimi qiymətləndirilə bilər.

“ALOV” komiksinə aid illüstrasiyalar Azərbaycan mifologiyasının, qəhrəmanlıq ruhunun və müasir vizual sənətin vəhdətini əks etdirir.

Uzun illər əvvəl Azərbaycan torpaqları qorxu ilə qidalanan qaranlıq dünyanın hökmdarı olan ruh Xoxanın hökmü altında əzab çəkirdi. O, dünyanı tamamilə öz zülmətinə qərq etmək üzrə idi. Lakin qədim qəhrəmanların birləşmiş alovu və cəsarəti sayəsində Xoxan məğlub edildi və öz maskasının içində möhürlənərək Atəşgah adlanan müqəddəs od məbədinin dərinliklərində gizlədildi.

İllər sonra Əli adlı bir yeniyetmə həmin unudulmuş əfsanələrin ilhamı ilə böyüyür və özü də qəhrəman olmağı arzulayır. Atəşgaha gedən yolda çətin vəziyyətdə qalan insanları görüb onlara kömək etmək üçün dayanır. Lakin məbədə çatdıqda Əli, Xoxanın fanatiklərinin lənətlənmiş maskanı oğurlamağa çalışdıqlarını görür.

Gücsüz və tək olmasına baxmayaraq, Əli başqalarını qorumaq üçün özünü döyüşə atır. Ağır məğlubiyyət alan və Atəşgahın əbədi alovunun yanında yerə sərilən Əli qəfil sirli Od Aləminə çəkilir. Orada onu qədim qəhrəmanların sonuncusu qarşılayır.

Qaranlıq yenidən yüksəlməyə başladığı anda Əlinin “ALOV”a — Odlar Yurdunun Qəhrəmanına çevriləcəyi yeni yolçuluq başlayır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar