Azərbaycanda 15 yaşlı şagirdlərin təxminən üçdə ikisi oxuduğunu tam anlamaqda çətinlik çəkir.
"Bakupost" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı məlumat verib.
Nazirin açıqladığı göstəricilərə əsasən, yeniyetmələr arasında oxu savadlılığı əsas problem olaraq diqqət çəkir. Başqa sözlə, şagird mətni oxuya bilsə də, onun məzmununu, əsas fikrini və mənasını düzgün dərk etməkdə çətinlik çəkir.
Maraqlı məqam ondan ibarətdir ki, bu problemin yaş artdıqca avtomatik şəkildə aradan qalxmadığı vurğulanır. Oxu və anlama bacarıqları vaxtında formalaşdırılmadıqda, bu çatışmazlıq sonrakı təhsil və peşə həyatında da özünü göstərə bilər.
PISA nəticələrində Azərbaycanın riyazi savadlılıq və təbiət elmləri üzrə göstəriciləri isə oxu savadlılığı ilə müqayisədə nisbətən yaxşı qiymətləndirilir.
Nazir həmçinin nəticələrə əsasən göstəricilərin daha aşağı olduğu regionları da açıqlayıb.