Tərtər şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Günay Əlizadə əzmi, zəhməti və biliyi sayəsində böyük uğurlara imza atıb.
"Bakupost" Modern.az-a istinadla xəbər verir ki, bu il məktəbi əla qiymətlərlə bitirən 16 yaşlı Günay Əlizadə ABŞ və Avropanın bir çox nüfuzlu universitetlərinə qəbul olunmaq şansı qazanıb. Bura ABŞ-nin Simmons University, Saint Louis University, Suffolk University, Hofstra University və Arizona State University, Avropanın Vilnius University, TalTech – Tallinn University of Technology və LCC International University kimi ali məktəbləri daxildir.
Günay Əlizadə bir sıra universitetlərdən yüksək məbləğdə təqaüdlərə də layiq görülüb.
Saint Louis University tərəfindən ümumilikdə 128 000 ABŞ dolları, digər universitetlər tərəfindən isə 70–80 min ABŞ dollarına qədər təqaüd təklifləri alıb.
Bununla yanaşı, o, yüksək nəticə göstərərək, ADA Universitetinin beynəlxalq münasibətlər ixtisasına da qəbul olunub və təhsilini Azərbaycanda davam etdirməyi seçib.
“Bu uğurlar Günayın illərlə davam edən zəhmətinin, məqsədyönlülüyünün və özünə olan inamının bəhrəsidir”, - deyə Tərtər şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib.