Maliyyə Monitorinqi Xidməti (MMX) “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na dəyişiklik edəcək.
"Bakupost" xəbər verir ki, bu barədə APA-ya MMX-dan bildirilib.
Qeyd edilib ki, hazırda qaydalara dəyişiklik layihəsinə yenidən baxılır və daha effektiv mexanizmin tətbiqi məqsədilə müvafiq düzəlişlər hazırlanır.
Bildirilib ki, layihə MMX rəhbərliyinə təqdim ediləcək və qısa müddətdə qəbul olunması nəzərdə tutulur.
Xidmətdən vurğulanıb ki, yenidən baxılan məsələlər sırasında 20 min manatdan yuxarı elektron köçürmələr üzrə maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməsi mexanizmi də yer alır.
Xatırladaq ki, oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim edilməsi nəzərdə tutulur.
Sözügedən mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, 20 min manatlıq illik hədd aylıq orta hesabla təxminən 1 667 manata uyğun gəlir və bu hədd keçildikdən sonra sonrakı elektron köçürmələrin MMX-yə təqdim edilməsi ilə bağlı yanaşma birmənalı qarşılanmayıb.
***
15:58
Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir.