Azərbaycanın xarici siyasətində və iqtisadi əlaqələrində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Təşkilatda Çin kimi dünyanın aparıcı iqtisadi güclərindən birinin, eləcə də Azərbaycanın yaxın iqtisadi əlaqələrə malik olduğu bir sıra ölkələrin təmsil olunması ŞƏT-lə əməkdaşlığı Bakı üçün cəlbedici edir. Azərbaycanın mühüm beynəlxalq nəqliyyat və tranzit marşrutlarının üzərində yerləşməsi isə ölkənin ŞƏT məkanındakı iqtisadi əhəmiyyətini artırır.
ŞƏT-ə üzv ölkələrin payına dünya iqtisadiyyatının təxminən 24 faizi, beynəlxalq ticarətin isə 15 faizi düşür.
Bəs ŞƏT-lə əməkdaşlığın genişlənməsi Azərbaycana nə qazandıra bilər?
Milli Məclisin deputatı Vüqar Bayramov “Bakupost”a bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsində ən böyük dörd tərəfdaşından üçü məhz ŞƏT-də təmsil olunur:
“ŞƏT dünyanın aparıcı qurumlarından biridir. Təşkilatda hazırda 10 üzv dövlət var. Bundan başqa, 2 ölkə müşahidəçi qismində qurumun tədbirlərində iştirak edir, 15 ölkə isə tərəfdaş olaraq təmsil olunur. Bu da təşkilatın kifayət qədər böyük coğrafiyanı və əhalini əhatə etdiyini göstərir.
Eyni zamanda, dünya iqtisadiyyatının 24 faizi ŞƏT-ə üzv dövlətlərin payına düşür. Bu isə 25 trilyon dollarlıq ümumi daxili məhsul deməkdir. Bu baxımdan Azərbaycanın ŞƏT-lə əməkdaşlığı 25 trilyon dollarlıq iqtisadi potensiala malik bir məkanla əməkdaşlıq kimi xarakterizə oluna bilər.
Azərbaycanın xarici ticarət dövriyyəsində ən böyük dörd tərəfdaşından üçü – ikisi üzv, biri isə tərəfdaş dövlət qismində – məhz ŞƏT-də təmsil olunur. Bu da Azərbaycanın ŞƏT ölkələri ilə dərin ticari-iqtisadi əlaqələrinin olduğunu göstərir”.
Deputatın sözlərinə görə, Azərbaycan Prezidentinin ŞƏT-in Bişkek Zirvə görüşündə iştirakı və aparılan müzakirələr ölkəmizin təşkilatda təmsil olunan bir sıra dövlətlərlə iqtisadi əlaqələrinin daha da genişlənəcəyini deməyə əsas verir:
“Bu isə Azərbaycana sərmayələrin cəlb edilməsi, xüsusilə də xarici ticarət dövriyyəsinin artırılması baxımından mühüm imkan yaradır”.
Rüfət Sultan,
BakuPost