Çində 208 mənzildən ibarət 26 mərtəbəli yaşayış binasının tikintisi cəmi 120 saata başa çatdırılıb. Buna paslanmayan poladdan modul tikinti texnologiyasından istifadə sayəsində nail olunub.
"Bakupost" Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə "Libertatea" yazıb.
"Jingdu Holon" adlandırılan binanın ümumi sahəsi təxminən 14 min kvadratmetrdir. 26 mərtəbəli bina cəmi 5 gün ərzində yığılıb.
Bina Syanin rayonunda inşa edilib. Tikinti işləri 2024-cü il yanvarın 7-dən 11-dək davam edib. Konstruksiyanın birbaşa tikinti sahəsində betonla töküldüyü ənənəvi üsuldan fərqli olaraq, yaşayış sahələrinin bütün modulları əvvəlcədən zavodda hazırlanıb və daha sonra tikinti ərazisinə gətirilib.
Mənzillər tikinti sahəsinə demək olar ki, tam hazır vəziyyətdə çatdırılıb. Hər modulun uzunluğu təxminən 12 metr, eni 2,4 metr, hündürlüyü isə 3 metrdir.
Nəşrin məlumatına görə, bütün modullar zavoddan demək olar ki, hazır vəziyyətdə çıxır. Onlarda elektrik və santexnika sistemləri, eləcə də kondisioner sistemləri əvvəlcədən quraşdırılır. Daha sonra tikinti sahəsində təxminən 100 işçi kranların köməyi ilə prefabrik elementləri birləşdirir.
Karkas quraşdırıldıqdan sonra bina su və elektrik şəbəkələrinə qoşulduqdan dərhal sonra istifadəyə hazır vəziyyətə gəlir.
Binaya dörd lift xidmət göstərir. Mənzillər həmçinin əvvəlcədən mebellərlə təchiz edilib. Bu isə kirayəçilərin əlavə təmir və ya tamamlama işləri aparmadan dərhal mənzillərə köçə bilməsinə imkan verir.
Bina yerli işçi qüvvəsinin cəlb edilməsi proqramı çərçivəsində bölgəyə gətirilən mütəxəssislər üçün nəzərdə tutulub. Binanı inşa edən "Broad Group Holon" şirkəti tikilinin zəlzələyə davamlı olduğunu və 1000 ildən çox xidmət göstərə biləcəyini iddia edir.