Bakupost.az xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı Zamil Mehralıyevin protesti əsasında işə yenidən baxıb.
Avqustun 18-də keçirilən məhkəmə baxışında hakim Cavid Sultanovun sədrliyi ilə birinci instansiya məhkəməsinin hökmünə dəyişiklik edilib. Təqsirləndirilən şəxsə verilmiş 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 8 ilə qaldırılıb.
Qəza zamanı həyatını itirən Elçin Süleymanovun atası, uzun illər hüquq-mühafizə orqanlarında çalışmış Qarabağ qazisi Tahir Süleymanov apellyasiya məhkəməsinin qərarından sonra Məhkəmə-Hüquq Şurasına bu dəfə təşəkkür və minnətdarlıq müraciəti ünvanlayıb.
Qeyd edək ki, Tahir Süleymanov birinci instansiya məhkəməsinin hökmündən sonra Məhkəmə-Hüquq Şurasına şikayət etmiş, üç nəfərin ölümü ilə nəticələnən hadisəyə görə 5 il 6 aylıq cəzanın yüngül olduğunu bildirmişdi.
Apellyasiya instansiyasının qərarından sonra isə o, işə obyektiv və prinsipial yanaşdığına görə hakim Cavid Sultanova təşəkkür edib.
Tahir Süleymanov müraciətində bildirib ki, üç gəncin faciəli ölümündən sonra ailələrin əsas gözləntisi hadisəyə obyektiv hüquqi qiymət verilməsi və ədalətin bərqərar olması olub:
“Mənim üçün hakim Cavid Sultanovun mövqeyi yalnız bir məhkəmə prosesində ifadə olunmuş hüquqi mövqe deyil. Bu mövqe oğlum Elçinin və həmin faciədə həyatını itirmiş digər iki gəncin xatirəsi, onların ailələrinin haqq və ədalət gözləntisi baxımından böyük mənəvi əhəmiyyət daşıyır”.
O, məhkəmənin mövqeyinin ailəsi üçün mənəvi təsəlli olduğunu da vurğulayıb:
“Elçini geri qaytarmaq mümkün olmadı. Lakin onun və həmin faciədə həyatını itirmiş digər iki gəncin haqqı və ədaləti uğrunda apardığımız mübarizədə ədalətli mövqe görmək bizim üçün böyük mənəvi təsəllidir”.
Tahir Süleymanov Məhkəmə-Hüquq Şurasından təşəkkürünün hakim Cavid Sultanovun diqqətinə çatdırılmasını da xahiş edib.
Qəza necə baş vermişdi?
Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi 24 iyun 2025-ci ildə Füzuli rayonunun Qayıdış-6 qəsəbəsi ilə Qayıdış-5 qəsəbəsi arasındakı asfalt yolda baş verib.
Qəza nəticəsində Süleymanov Elçin Tahir oğlu, Qurbanov Ceyhun Vaqif oğlu və Qurbanov Nicat Vaqif oğlu həyatını itirib.
Hadisə ilə bağlı başlanmış 250760041 nömrəli cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsi 30 aprel 2026-cı ildə hökm çıxarıb. Məhkəmə təqsirləndirilən şəxsə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hökmdən apellyasiya şikayəti verilib, dövlət ittihamçısı Zamil Mehralıyev isə cəzanın ağırlaşdırılması ilə bağlı protest təqdim edib.
İş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında 1(3-9)-287/2026 nömrəsi ilə araşdırılıb.
Nəticədə Şirvan Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünə dəyişiklik edərək təqsirləndirilən şəxsə verilmiş 5 il 6 aylıq həbs cəzasını 8 ilə qaldırıb.
Azər,
BakuPost