Ru
20:34 / 25 İyun 2026

33 il sonra nəşi tapılan şəhidin anası: "Oğlum sinəsini qabağa verib, 80 nəfəri..."

33 il sonra nəşi tapılan şəhidin anası:  "Oğlum sinəsini qabağa verib, 80 nəfəri..."
Eye

“O, yoldaşları ilə birlikdə 80 nəfər vətəndaşı xilas etmişdi. O vaxt bütün Kəlbəcər çıxsa da, onların zastavası çıxmamışdı. Onlar Kəlbəcərin kəndlərində qalan 80 nəfəri də götürüb, Murov dağın aşaraq, ac-susuz Meydançaya gəlib çatıblar. Görüblər ki bir dam var, tüstü gəlir. Komandir oğlumu göndərib kəşfiyyata. Bu da gedib qapını açanda görüb ki, içəridəki ermənidir. Oradan haraylayıb ki, qaçın, ermənilər sizi vuracaq. Hamı qaçıb gizlənib, mənim oğlum qaça bilməyib. Arxadan atəş açaraq ayağından vurublar. Bir neçə gün sonra bir-bir, iki-iki hamı gəldi, amma mənim oğlum gəlmədi. Torpaqlarımız geri alındıqdan sonra yoldaşları onun nəşini gedib tapıblar...”



Bakupost.az xəbər verir ki, bunu "Yeni Avaz"a 33 ildən sonra nəşi tapılan şəhid Şahin Heydər oğlu Kərimovun anası Şəfaqət xanım deyib.

Uzun illər oğlunun itkinlər sırasında olmasının ona böyük həsrət yaşatdığını deyən şəhid anası indi təsəllini Şəhidlər xiyabanına gələrək oğlunun məzarı başında tapdığını bildirib.

“Heç kimə itkin yolu gözləməyi arzulamıram. Bundan böyük dərd yoxdur. Mən 32 il bu dərdi çəkmişəm. Fevralın 19-da xəbər verdilər ki, oğlunun nəşi tapılıb. 20 Yanvarda gedib itkinlər cərgəsində durub ağlayırdım. Ağlayırdım, ağlayırdım, qayıdıb gəlirdim. Sağolsun dövlətimiz, tapıb gətirdilər balamı. Ürəyim istəyəndə gedib ziyarət edirəm. Mənim oğlum qəhrəmandır. Sinəsini qabağa verərək 80 nəfəri xilas edib. Daha əvvəl də Ağdamda ayağından yaralanmışdı. Əvvəl hospitalda, Gəncədə müalicə almışdı, sonra da evə gəlmişdi. Dedi qayıdacam. Nə qədər yalvardıq, xeyri olmadı. Dedi, mən yoldaşlarımı qoyub gəlmişəm. Elə qayıtdı da...”

Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Zar kəndindən olan Ş.Kərimov 1972-ci il dekabr ayının 14-də Mingəçevir şəhərində doğulub. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladığı bir dövrdə könüllü şəkildə ordu sıralarına qoşulub və Kəlbəcərdə gedən döyüşlərdə iştirak edib. Ş.Kərimov 1993-cü il aprelin 4-də Murovdağda gedən ağır döyüşlər zamanı yaralanıb və onu döyüş meydanından çıxarmaq mümkün olmadığı üçün həmin tarixdən itkin düşüb. Beləliklə, Şahin 19 yaşında şəhidlik zirvəsinə ucalıb.
Onun nəşinin qalıqları Kəlbəcər işğaldan azad edildikdən sonra aşkarlanıb. Aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra şəxsiyyəti müəyyən edilərək ailəsinə təhvil verilib. Şəhid, ailə üzvlərinin istəyinə əsasən, Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar