Türkiyədə təhlükəsizlik orqanları Barış Boyun adlı mafiya lideri tərəfindən idarə olunduğu bildirilən cinayətkar şəbəkə ilə bağlı genişmiqyaslı istintaqın nəticələrini açıqlayıb.
Bakupost.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu dekabrın 3-də 15-18 yaş aralığında olan 40 yeniyetmə tərəfindən törədilmiş 32 ayrı-ayrı cinayət epizodu üzrə istintaqın başa çatdığını elan edib. Onlardan 23-ü həbsdə, 16-sı isə məhkəmə nəzarəti altındadır. Yeniyetmələrin ən kiçiyi isə 2010-cu il təvəllüdlüdür (15 yaş).
Şübhəlilər arasında 6 xarici vətəndaş da var: onların 4-ü Azərbaycandan, 2-si isə Suriyadandır. İş materialları yetkinlik yaşına çatmayanlar üzrə cinayət məhkəməsinə təqdim olunub. Prokurorluq ittiham olunanlara 20 aydan 75 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzası tələb edir.
Yeniyetmələrə qarşı irəli sürülən ittihamlar arasında qəsdən adam öldürməyə cəhd, ağırlaşdırıcı hallarla quldurluq, silahla hədələmə və silahlı cinayətkar dəstəyə üzvlük var.
İstintaq sənədlərində qeyd olunur ki, Yeniyetmələr yüksək məbləğdə pul və ya xaricə aparılmaq vədi ilə şəbəkəyə cəlb olunublar. Hazırda İtaliyada bir ildən artıqdır həbsdə saxlanılan Barış Boyunun rəhbərlik etdiyi qrupun onlardan qətllər, silahlı hücumlar və quldurluq kimi ağır cinayətlərdə muzdlu icraçı, kəşfiyyatçı, kuryer və müşahidəçi kimi istifadə etdiyi bildirilir.
Xüsusilə 9 yeniyetmənin sonradan istintaqla əməkdaşlıq edərək cinayətkar qrupun daxili mexanizmləri barədə ifadə verdiyi vurğulanır. Onların sözlərinə görə, yeniyetmələr təşkilata daha yaşlı üzvlərin nəzarəti altında cəlb olunub, lüks hotellərdə qalmaq, fahişələr, narkotik vasitələr və alkoqol vasitəsilə psixoloji təsir altına salınıblar.
Baş Prokurorluq bəyan edib ki, bəzi yeniyetmələrin təhdid, zor yolu ilə təşkilatdan çıxmalarına imkan verilməyib. Onların bəzilərinin cinayətkar dəstə üzvləri ilə birlikdə yaşamağa məcbur edildiyi də istintaq materiallarında yer alır.
Barış Boyunun rəhbərlik etdiyi iddia olunan mütəşəkkil cinayət qrupuna dair məhkəmə prosesi gələn il fevralın 23-də başlayacaq.
Bundan başqa 2024-cü ildən başlayan və İtaliyanın Milan, Roma və Viterbo şəhərlərində keçirilən əməliyyatlarda ümumilikdə 23 nəfər şübhəli həbs olunub.
İlk əməliyyat 22 may 2024-cü ildə keçirilmiş və dəstə başçısı Barış Boyunla birlikdə 17 türk, 2 italya vətəndaşı daxil olmaqla 19 şübhəli həbs olunmuşdu. Bunun davamı olaraq bu il dekabrın 17-də baş tutan sonuncu əməliyyatda 4 nəfər saxlanılıb. Həbs olunanlar Türkiyədə mərkəzləşmiş eyni cinayətkar şəbəkənin üzvləri hesab olunurlar və silah, narkotik qaçaqçılığı, qanunsuz miqrasiya kimi fəaliyyətləri idarə etmək üçün müxtəlif Avropa ölkələrində hərəkət ediblər.
Cavid, BakuPost