Ru
20:20 / 01 Oktyabr 2026

400 manata 15 saat: İşçi axtarırlar, yoxsa nökər?

400 manata 15 saat: İşçi axtarırlar, yoxsa nökər?
Eye

Mağazalarda satıcı və kassirlər üçün təqdim edilən iş rejimi ilə faktiki iş saatları arasındakı fərq diqqət çəkən məsələlərdəndir. İş elanlarında 8 saatlıq iş günü qeyd edilsə də, elan saytlarında gündə 10-12, hətta 15 saatlıq iş rejiminin açıq şəkildə təklif edildiyi vakansiyalara da rast gəlinir.

Ötən gün “Sevimli Dad”ın paylaşdığı bir iş elanı da sosial şəbəkələrdə geniş müzakirə olunub. Növbəli iş rejimi (bir gün iş, bir gün istirahət) nəzərdə tutulsa da, vakansiyada işçinin 15 saat çalışması və bunun müqabilində cəmi 400 manat əməkhaqqı təklif edilməsi diqqət çəkib.

İş elanlarında gündə 10-12, hətta 15 saatlıq iş rejiminin açıq şəkildə göstərilməsi Əmək Məcəlləsinin tələbləri baxımından nə dərəcədə qanunidir?

Belə uzun iş saatlarının xüsusilə satıcı və kassirlər arasında adi iş rejiminə çevrilməsi onların ailə və sosial həyatına hansı təsirlər yarada bilər?

İşəgötürənlərin uzun iş saatlarına görə aşağı əməkhaqqı təklif etməsi əmək bazarında hansı problemləri və sosial riskləri ortaya çıxarır?

Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcra Komitəsinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov Publika.az-a açıqlamasında bu halı işçilərin istismarı kimi qiymətləndirib:

“İşçi bir gün ərzində 8 saat işləməlidir. Əlavə işlərə cəlb oluna bilər, məsələn, həftədə 4 saatdan çox olmayaraq. Bu halda da ikiqat ödəniş olmalıdır”.

Sahib Məmmədov əlavə etdi ki, belə hallar əmək hüquqlarının pozulmasıdır:

“Amma bununla bağlı Əmək Müfəttişliyi özbaşına yoxlama apara bilmir. Buna müəyyən məhdudiyyətlər qoyulub. Yalnız şikayət olduğu halda müdaxilə edə bilər. Şikayət də yoxdur. Çünki insanlar işləməyə məcburdurlar ki, cüzi də olsa əməkhaqqı alsınlar. Bu, aşkar görünən qanun pozuntusudur”.

Mövzu ilə bağlı sosioloq Mail Yaqub isə bildirib ki, sosioloq da işçilərin qanunla müəyyən edilmiş iş vaxtından artıq işlədilməsi halları ilə rastlaşıldığını bildirdi:

“8 saatlıq iş rejimi qanunvericilikdə təsbit olunub. Amma qanuna zidd olaraq işçini bəzən 12-13 saat iş yerində saxlayırlar və bunun qarşılığında əlavə əməkhaqqı ödənilmir. Yəni işçi əlavə saatlar işləyir, amma bunun qarşılığını almır. Bu, qanuna ziddir.

Məsələnin digər tərəfi isə həmin işçinin buna etiraz etməməsidir. Burada əsas səbəblərdən biri işini itirmək qorxusudur. Məsələnin acı tərəfi budur. İnsan niyə məruz qaldığı haqsızlığa və qanunsuzluğa etiraz etmir?”

Mail Yaqublu bunun bir neçə səbəbinin olduğunu bildirib. Onun sözlərinə görə, əsas səbəblərdən biri insanların əmək hüquqları barədə kifayət qədər məlumatlı olmamasıdır:

“Bizdə problemlərdən biri hüquq maarifçiliyinin aşağı səviyyədə olmasıdır. Hüquq maarifçiliyi insanların qanunla təsbit olunmuş hüquqlarını bilməsidir. Təəssüf ki, müxtəlif sahələrdə insanlar öz hüquqlarından xəbərsizdirlər.

İşçi öz hüququnu bilmir və elə düşünür ki, işəgötürən onu 13-15 saat işlədə bilər və o, buna məcburdur. Məsələnin əsas səbəblərindən biri budur.

İkinci səbəb isə insanın öz hüququnu bilməsinə baxmayaraq, işini itirməkdən qorxmasıdır. Bu gün Azərbaycanda 400-500 manat maaşla iş tapmaq çətin deyil. Buna görə də həmin əməkdaş düşünməsin ki, öz hüququnu tələb etsə, işini itirə bilər”.

Sosioloq əlavə edib ki, uzun iş saatlarına etiraz etməməyin sosial səbəbləri də araşdırılmalıdır:

“Şübhəsiz ki, 15 saat işləyən şəxsin istirahətə, ailəsinə və özünə vaxt ayırmağa imkanı qalmır. Bu, onun əsəblərinə, istirahətinə və ümumi sağlamlığına mənfi təsir göstərə bilər. Bunu həm işçi, həm də işəgötürən bilməlidir”.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar