Ru
17:56 / 14 Sentyabr 2026

5 günə 26 mərtəbəli bina tikintisi: Azərbaycanda bu mümkündürmü?

5 günə 26 mərtəbəli bina tikintisi: Azərbaycanda bu mümkündürmü?
Eye

Çində 208 mənzildən ibarət 26 mərtəbəli yaşayış binasının tikintisi cəmi 120 saata başa çatdırılıb. Buna paslanmayan poladdan modul tikinti texnologiyasının tətbiqi sayəsində nail olunub.

"Bakupost" Lent.az-a istinadən xəbər verir ki, “Jingdu Holon” adlanan və Syanin rayonunda yerləşən binanın ümumi sahəsi təxminən 14 min kvadratmetrdir. Tikinti işləri 2024-cü il yanvarın 7-dən 11-dək aparılıb. Klassik tikinti üsulundan fərqli olaraq, burada yaşayış modulları əvvəlcədən zavodda hazırlanıb, daha sonra tikinti sahəsinə gətirilib. Mənzillər tikinti sahəsinə demək olar ki, tam hazır vəziyyətdə çatdırılıb.

Azərbaycanda da tikinti şirkətləri yaşayış binalarının ənənəvi tikintisindən imtina edib, Çin təcrübəsindən istifadə edə bilərlərmi?
Mənzil-tikinti sahəsi üzrə ekspert Ramil Qasımov “Bakupost”a bildirib ki, tikintidə bu metoddan tək Çində istifadə edilmir:
“Bir sıra inkişaf etmiş ölkələrdə, binalar tikilərkən əsasən məhz bu tip layihələrdən istifadə edilir. Daha çox da Yaponiya kimi seysmik bölgələrdə paslanmayan poladdan, xüsusən də metal konstruksiyalar üzərində bu kimi tikililərdən istifadə olunaraq, yaşayış sahələri istismara verilir”.

Amnma həmsöhbətimiz sözügedən prosesin Azərbaycanda, xüsusən də paytaxt Bakıda tətbiqini mümkünsüz hesab edir:
“Ölkəmizdə onun tətbiqini məhdudlaşdıran bir sıra amillər var. Əsas amildən biri maliyyə məsələsidir. Çünki belə layihələr baha başa gəlir. Ənənəvi istifadə etdiyimiz daş materiallar metal materiallardan 2-3 dəfə ucuz başa gəlir. Proses tez başa çatsa da, ölkəmizdəki digər problem iqlim məsələsilə bağlıdır. Külək və nəmişlik baxımından bu tip konstruksiyalar Bakı üçün əlverişli olmaya bilər. Quru ərazilərimizdə proses mümkün olsa da, nəm ərazilərdə onun effektivliyi az olur”.

Müsahibimiz deyir ki, metal konstruksiyalı tikililər daim onların üzərində nəzarətin olmasını da tələb edir:

“Yəni texniki qulluq məsələləri də xeyli vəsait tələb edir. Bakıda bu tip layihədən “20 Yanvar” ərazisində istifadə edilib. Həmin layihə üzrə avtomobillərin yerləşməsi üçün qaraj nəzərdə tutulurdu. Lakin onu başa çatdırmaq mümkün olmadı və layihə uğursuzluğa düçar oldu. O, istismara qəbul olunmadı və habelə ondan istifadə edən də olmadı. Ona görə də ölkəmizdə yaşayış binaları tikilərkən, hələ də ənənəvi dəmir beton, daş materiallarından istifadə etməkdə davam edirik”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar