Rus kriptovalyuta treyderi Roman Novak investorlardan aldığı 500 milyon dollarla Cənubi Afrikaya qaçıb. Aldadılan investorlar arasında çinli və ərəb iş adamları, ukraynalı deputatlar, hətta Rusiya Dövlət Dumasının deputatı da olub.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın “Mash” Teleqram kanalı məlumat yayıb.
Novakın bütöv bir dələduzluq sxemi yaratdığı bildirilir. Əvvəlcə o, ukraynalı proqramçılara kriptovalyuta köçürmələri üçün Fintopio tətbiqini yaratmağı tapşırıb. Sonra o, yüksək texnologiya şirkətləri ilə əlaqələri olduğu iddia edilən məlumatlara əsaslanaraq investorları cəlb edib.
O, Pavel Durov və bir sıra ərəb şahzadələri ilə əlaqə saxladığını xüsusi vurğulayıb. İnvestorlar milyonlarla dollar köçürəndə Novak sadəcə yoxa çıxıb.
Tərtibatçılar vəd edilən məbləği almayıb, investorlar isə “yatırımlar”ını itiriblər.
Qeyd edək ki, Novak əvvəllər də 4 milyon dolları mənimsəməkdə təqsirli bilinib, sonra Dubayda gizlənib və orada Teleqram "tokenləri" ilə bağlı yeni layihəsini işə salıb. Sentyabrda Rusiya hüquq-mühafizə orqanları kriptovalyuta birjalarında iki həftə axtarış apararaq Novakın əməliyyatlarının izlərini tapmağa çalışıblar.
Asena,
BakuPost