Son günlər Bakıda və Abşeronda baş verən ardıcıl yol-nəqliyyat hadisələri cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Ötən gün paytaxtda 214 saylı marşrut xətti üzrə hərəkət edən avtobus piyada səkisinə çıxaraq 75 yaşlı qadını vuraraq öldürüb. Bundan bir gün əvvəl isə Abşeronda yolda oynayan 4 yaşlı azyaşlı motosikletin vurması nəticəsində həyatını itirib.
Baş verən qəzalar göstərir ki, yollarda təhlükəsizlik məsələsi hələ də ciddi problemlərdən biri olaraq qalır.
Maraqlıdır, mövcud vəziyyət sürücülərə qarşı daha sərt tədbirlərin tətbiqini zəruri edirmi?
Mövzu ilə bağlı Bakupost.az -a danışan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhim bildirib ki, son vaxtlar avtobus və motosiklet sürücülərinin iştirakı ilə baş verən qəzaların sayı artıb:
“Çünki sürücülərin çoxunda məsuliyyət hissi yoxdur, arxayınçılıq var. Motosiklet sürücüləri istədikləri kimi sürür, ara zolaqlarla gedir, yüksək sürətlə maşınların arasından keçirlər.
İstənilən canlıda ən vacib cəhət özünü qoruma hissidir. Amma bəzi piyadalarda və sürücülərdə bu hiss zəifləyib. Avtobus sürücülərinin bəziləri normal sürür, amma bir çoxu yüksək sürətlə hərəkət edir. Başa düşmürlər ki, onların nəqliyyat vasitəsi həddindən artıq böyükdür və belə nəqliyyat vasitəsini saxlamaq asan deyil”.
A.Rəhim qeyd edib ki, avtobuslar xüsusi zolaqda yüksək sürətlə hərəkət edirlər:
“Amma reallığı nəzərə almırlar ki, maşınların arasından avtobus zolağına insanlar çıxa bilər. Belə hadisələr olur və son qəza hadisəsində də məhz sağ zolaqdan çıxan avtobus qadının həyatına son qoydu. Onlar bəzən minik maşınlarını sıxışdırır, avtobus zolağını qoyub başqa zolağa girirlər. Sosial şəbəkələrdə bununla bağlı yüzlərlə video paylaşılır, amma yenə də vəziyyət dəyişmir. Təkrar edirəm, hamıdan söhbət getmir, yaxşı sürücülər də var. Amma pis sürücülər yaxşı sürücüləri də gözdən salır.
Bir çox avtobus sürücüləri onlara yaradılan şəraiti arxayınçılıq kimi qəbul edir, sanki kimlərəsə güvənirlər. başa düşmürlər ki, qəza baş versə və kimsə həyatını itirsə, onların arxasında heç kim dayanmayacaq, qanunda nəzərdə tutulan cəzanı alacaqlar”.
Ekspert vurğulayıb ki, moped və skuter sürücüləri isə xüsusilə təhlükəlidir:
“Skuterlər ən riskli nəqliyyat vasitələrindən biridir. Çünki motosikletin səsi gəlir, amma skuterin səsi demək olar ki, çıxmır. Onlar qəfil maşınların qarşısına çıxır, əks istiqamətdə hərəkət edirlər. Bəzən səkilərlə hərəkət edib insanlara narahatlıq yaradırlar, parklarda xüsusilə uşaqlı ailələrin rahat gəzməsinə mane olurlar.
Bu problemlərin həlli üçün sürücülük mədəniyyəti artmalıdır. Əks halda qəzaların sayı getdikcə daha da artacaq”.
Lalə,
BakuPost