Metronun təmirə bağlanması ilə əlaqədar sərnişin sıxlığının artdığı 7A və M7 marşrutlarında kondisioner və havalandırma sistemlərinin işləməməsi narazılığa səbəb olub.
"Bakupost"a müraciət edən sərnişin gündəlik istifadə etdiyi bu avtobuslarda kondisionerlərin işləməməsindən şikayətçidir.
Onun sözlərinə görə, Koroğlu, Qara Qarayev, Neftçilər, Xalqlar Dostluğu və Həzi Aslanov istiqamətində hərəkət edən avtobuslarda sərnişinlərin sayı metro təmirə bağlandıqdan sonra xeyli artıb. Nəticədə avtobuslar həddindən artıq dolur, sıxlıq və havasızlıq səbəbindən sərnişinlərin halı pisləşir, hətta huşunu itirənlər də olur.
Sərnişin qeyd edib ki, kondisionerin işə salınmasını tələb etdikdə sürücülərdən “kondisionerin qayışı kəsilib” cavabını alır.
“Hər gün eyni vəziyyətdir. Onsuz da sıxlığa bir çarə tapılmayacaq, heç olmasa, havalandırma və kondisioner sistemlərini düzəldin. Bu qədər insanın olduğu avtobusda kondisioner niyə işləməməlidir? Sürücülərdən soruşanda deyirlər ki, kondisionerin qayışı kəsilib. Bəs nə səbəbə? Yaşlı, uşaq fərq etmir, hər gün ya kimsə huşunu itirir, ya da halı pisləşir. Niyə insanlara zülm edirsiniz?” – deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı AYNA-ya sorğu ünvanladıq.
AYNA-nın mətbuat katibi Tural Orucov
Bakupost.az-a açıqlamasında bildirib ki, avtobuslarda sərinləndirmə və isitmə sistemləri hava temperaturuna uyğun tənzimlənir və bununla bağlı daşıyıcılara müvafiq tapşırıq verilib.
“Daşıyıcılar istifadəsində olan nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını həyata keçirirlər. Avtobuslarda müşahidə edilən hallarla bağlı sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzinə zəng edə, yaxud sosial şəbəkə hesabları üzərindən müraciət ünvanlaya bilərlər. Konkret faktın araşdırılması üçün nəqliyyat vasitəsi barədə dolğun məlumat təqdim edilməlidir”, - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, şikayətdə adıçəkilən avtobusların dövlət qeydiyyat nişanları AYNA-ya təqdim edilib. Buna baxmayaraq, qurumun cavabında həmin avtobuslarla bağlı hansısa tədbirlərin görüləcəyi açıqlanmadı.
Gülsüm Baxşəliyeva, BakuPost