ABŞ dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ləğv ediləcəyini bildirib.
"Bakupost" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Dövlət katibinin sözlərinə görə, BCM ABŞ-yə qarşı güllə və ya raketlərlə deyil, qondarma beynəlxalq hüququn gücü ilə müharibə aparır.
İddialara görə, Ağ Ev BCM-in Əfqanıstanda ABŞ hərbçilərinin ehtimal olunan müharibə cinayətlərini araşdırmasından narahatdır.
Qeyd edək ki, 2002-ci ildə, çoxtərəfli Roma Statutu əsasında yaradılmış BCM fərdləri soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti kimi beynəlxalq cinayətlərə görə mühakimə etmək səlahiyyətinə malik yeganə daimi beynəlxalq məhkəmədir.
Yarandığı gündən etibarən BCM ciddi tənqidlərlə məruz qalıb. Məhkəməyə qoşulmayan böyük dövlətlər başda olmaqla, opponetlər onun legitimliyini şübhə altına alır, milli suverenliklə bağlı narahatlıqları və siyasi təsirə məruz qala bilməsini əsas gətirirlər. Məhkəmə həmçinin qərəzlilikdə və Afrika liderlərini qeyri-mütənasib şəkildə hədəf almaqda ittiham olunub.
Xatırladaq ki, BCM Rusiya lideri Vladimir Putin, həmçinin İsrail baş naziri Netanyahu və müdafiə naziri Yoav Qallant barəsində həbs orderi də verib.
Hüquqşünas
Qulamhüseyn Əlibəyli "Bakupost"a bildirib ki, ABŞ-nin BCM-i ləğv etməsi mümkün deyil:
“BCM-ni təkcə ABŞ yaratmayıb. Bütün Avropa ölkələri və dünyanın əksər dövlətləri həmin BCM-ni tanıyır və onun üzvüdür. Yəni ABŞ belə bir qurumu özü təkbaşına yaratsaydı, bəlkə də ləğv edə bilərdi”.
Ekspertin sözlərinə görə, ABŞ ilə Avropa ölkələri arasında yaşanan müəyyən fikir ayrılığı BCM-in ləğvini demək olar ki, istisna edir:
“Düzdür, burada Putin, Netanyahu, ABŞ hərbçilərinin Əfqanıstandakı əməllərilə bağlı xeyli problemlər var. Amma hesab edirəm ki, BCM-in ləğvi məsələsi gündəmdə deyil”.
Müsahibimiz düşünür ki, Ağ Evin burada məqsədi sadəcə olaraq, BCM-ə təzyiq etməkdir:
“Vaşinqton quruma təzyiq etmək istədiyindən, belə açıqlamalarla çıxış edir”.
Rüfət Sultan,
BakuPost