Ru
14:11 / 27 İyul 2026

ABŞ-də ikipartiyalı sistemə son qoyulur: Bu dəfə seçkilərə daha çox partiya qatıla bilər

ABŞ-də ikipartiyalı sistemə son qoyulur: Bu dəfə seçkilərə daha çox partiya qatıla bilər
Eye

ABŞ-də üçüncü siyasi partiyanın yaradılması məsələsi yenidən gündəmə gətirilib.

Cəmiyyətdə ənənəvi ikipartiyalı sistemə alternativ olaraq yeni bir siyasi qüvvənin ortaya çıxmasının vacibliyi getdikcə daha geniş müstəvidə yayılmağa başlayıb.

"Bakupost" xəbər verir ki, məşhur televiziya aparıcısı Taker Karlson Respublikaçılarla münasibətləri kəsdiyini və üçüncü milli partiyanın yaradılmasını təşviq edəcəyini bildirib.

O, mövcud sistemin çürüdüyünü və bu əsasda ölkəni bölən deyil, birləşdirən dinc bir həll yoluna ehtiyacın olduğunu qeyd edib.

Qeyd edək ki, sonuncu dəfə ABŞ-də üçüncü partiyanın yaradılmasına 1992-ci ildə təşəbbüs göstərilib.

O zamankı seçkilərdə sağçı mühafizəkar milyarder Ross Perot özünün "Qalx, Amerika!" hərəkatı ilə müstəqil namizəd kimi Prezident seçkilərinə qatılaraq, səslərin 19 faizini əldə edib. Onun bu addımı isə Demokratların namizədi Bill Klintonun prezident olmasına şərait yaratdı.

Görəsən, ABŞ-də nəhayət ənənəvi ikipartiyalı sistemə son qoyub, daha çox siyasi təşkilatın seçkilərdə iştirakı mümkün ola bilərmi?

Politoloq Qabil Hüseynli "Bakupost"a bildirib ki, siyasi sistemdə təkmilləşmə baş verərsə, növbəti seçkilərdə ənənəvi olaraq iki deyil, daha çox siyasi partiyanın prosesdə iştirakının şahidi ola bilərik:

“Uzun müddətdir Amerikada siyasi sistemin təkmilləşdirilməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülür. İkipartiyalı sistem Amerikada siyasi prosesləri proqnozlaşdırmağa imkan vermir, bəzən hətta siyasi xaltura xarakterli hərəkətlərə rəvac verir. Bu nöqteyi-nəzərdən üçüncü bir partiyanın yaranması hələ siyasi sisemin tam təkmilləşdirilməsi demək olmayacaq. Görünür bunun üçün başqa addımlar da atılmalıdır ki, siyasi sistem çürümə və aqoniya meyllərindən xilas ola bilsin.

Dünyanın hər yerində 4-5 və hətta daha çox siyasi partiya siaysi sistemin tərkib hissəsi olaraq fəaliyyət göstərir. ABŞ isə yaranandan bəri ikipartiyalı sistemdən yapışıb. Amma artıq bu sistem özünü doğrultmur. Amerikada da daha bir neçə siyasi partiya yaradılmalıdır. Bu istiqamətdə cəhdlər olub və yenə də olacaq. Amma onun nəticə verməsi üçün siyasi sistem təkmilləşməlidir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar