ABŞ-nin süni intellekt şirkəti "Anthropic"in baş icraçı direktoru (CEO) Dario Amodeinin süni intellekt texnologiyalarının inkişaf sürətinin yavaşladılması ilə bağlı təklifi Çinin kəskin reaksiyasına səbəb olub.
“Bakupost” xəbər verir ki, Amodei süni intellektin təhlükəsizlik risklərinə diqqət çəkərək qlobal miqyasda inkişafın idarəolunan şəkildə ləngidilməsini təklif edib, lakin ən böyük maneənin Çinin bu addıma əməl etməməsi ehtimalı olduğunu vurğulayıb.
Çin Kommunist Partiyasının rəsmi mətbuat orqanı olan "Global Times" qəzeti bu iddiaları "Soyuq müharibə düşüncəsinin təzahürü" adlandırıb. Nəşrdə dərc olunan məqalədə bildirilib ki, Çinin süni intellekt sahəsindəki inkişafını məhdudlaşdırmağa çalışmaq qlobal texnoloji təhlükəsizliyə töhfə vermir, əksinə, nəzarətin itirilməsi riskini və sınaq-xəta xərclərini artırır.
Məsələyə münasibət bildirən Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun də ABŞ tərəfini texnoloji rəqabəti siyasiləşdirməkdə ittiham edib. Qorxu yaratmaq və qütbləşmə meyllərinin qlobal idarəçiliyə zərər vurduğunu qeyd edən diplomat, bu cür yanaşmaların heç bir tərəfin maraqlarına xidmət etmədiyini vurğulayıb.
Süni intellektin riskləri ilə bağlı Elon Musk və OpenAI rəhbəri Sam Altman kimi texnologiya nəhəngləri də oxşar narahatlıqlar ifadə etsələr də, ABŞ-nin siyasi dairələrində və biznes aləmində qlobal yarışda liderliyi əldən verməmək üçün inkişafın dayandırılmaması gərəkdiyini müdafiə edənlərin sayı az deyil.
Bilal,
BakuPost