ABŞ-nin İranla danışıqlarda nəticə əldə etmək istədiyi əsas məsələlərdən biri Tehranın nüvə silahına yiyələnməsi və uranın zənginləşdirilməsi məsələsinin qarşısını almaqdır.
Vaşinqton bütün vasitələrdən istifadə edir ki, bu istiqamətdə nəhayətdə razılıq əldə olunsun. Bu əsasda belə fikirlər səslənir ki, ABŞ İranla danışıqlarda Tehrana uranın zənginləşdirilməsinə 15 illik uzunmüddətli qadağa qoyulması məsələsini müzakirə edirlər.
Vaşinqton İranın nüvə proqramını təxminən 15 il müddətinə dayandıra biləcəyinə inanır.
Xatırladaq ki, ABŞ əvvəlcə bu məsələdə 20 illik qadağada israr edirdi, İran isə 10 il təklif edirdi. İndi isə Amerika rəsmiləri hesab edir ki, tərəflər 15 illik qadağa barədə razılığa gələ bilərlər.
Siyasi şərhçi Elçin Xalidbəyli
Bakupost.az-a bildirib ki, ABŞ ilə İran arasındakı danışıqlar əslində qəliz və mürəkkəb xarakter daşıyır:
“Tərəflərdən heç biri mövqeyindən çəkilmək istəmir. Hər iki tərəf şərtinin qəbulunda israrlıdır və maksimal iddialı mövqedən çıxış etməklə prosesdən daha üstün şərtlərlə çıxmağa çalışır. Eyni zamanda, hər iki tərəf problemləri hərbi qarşıdurma müstəvisində həll etmək imkanında olmadıqlarını da anlayır”.
Həmsöhbətimizin sözlərinə görə, Tramp Senatın mövqeyi səbəbindən hərbi əməliyyatlara geri dönüş edə bilmədiyindən, anlaşma əldə etməyə çalışır.
Onun fikrincə, uranın zənginləşdirilməsi üzrə əvvəlki 20 illik qadağa təklifinin 15 illə əvəzlənməsi də məhz bu siyasətin tərkib hissəsidir:
“Trampın İrana qarşı hərbi əməliyyatları davam etdirmək səlahiyyəti Senat tərəfindən məhdudlaşdırılıb. O baxımdan da ABŞ-nin hərbi əməliyyatlara geri dönüş ehtimalı elə də yüksək deyil. Ona görə də Ağ Ev anlaşma zəmini axtarmaq məcburiyyətində qalıb. ABŞ 15 illik nüvə qadağasında israr edirsə, rəsmi Tehran da bu müddətin mümkün qədər azaldılmasına cəhd edəcək”.
Yaranmış bu durum isə ekspertə görə, danışıqlar prosesinin daha da uzadılmasına səbəb olacaq faktordur:
“Proses sülh anlaşmasının mümkünlüyünü büruzə verə bilər, ancaq bütün hallarda o uzanacaq və bu yekun sülh anlamına gəlməyəcək. ABŞ əslində İranın nüvə proqramının ümumiyyətlə ləğv olunmasını istəyir. Amma Tramp adminstrasiyasının “topal ördək” durumuna düşməsi Ağ Evin zaman məhdudiyyətilə kifayətlənmək məcburiyyətində buraxıb. Belədə həmin istiqamətdə anlaşma əldə olunsa da, ABŞ sonrakı hakimiyyət dönəmində məsələyə yenidən qayıdaraq İranın nüvə proqramının tamamilə ləğvini tələb edə bilər”.
Rüfət Sultan, BakuPost