İran-ABŞ gərginliyi və Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik fonunda dünyanın ən böyük neft şirkətləri 2026-cı ilin ikinci rübündə ümumilikdə 93 milyard dollar xalis mənfəət əldə edib.
“Bakupost” xəbər verir ki, bu göstərici şirkətlərin dəqiqədə təxminən 700 min dollar qazanması deməkdir.
İkinci rübdə ən yüksək mənfəəti “Saudi Aramco” əldə edib. Şirkətin xalis mənfəəti 33 milyard dolları ötüb. “ExxonMobil”, “Chevron”, “Shell”, “BP”,”TotalEnergies”, “Eni”və “Equinor”da gözləntiləri üstələyən maliyyə nəticələri açıqlayıblar. “Shell”in ikinci rüb üzrə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb.
Mütəxəssislər bildirirlər ki, Yaxın Şərqdə artan gərginlik və neft qiymətlərinin yüksəlməsi şirkətlərin maliyyə nəticələrinə müsbət təsir göstərib.
Bu arada, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Oman vasitəsilə aparılan danışıqlarda son mərhələyə yaxınlaşdıqlarını bildirib. Onun sözlərinə görə, müzakirə olunan marşrut 2-4 aylıq müvəqqəti yol olacaq. Qəribabadi vurğulayıb ki, Hörmüz boğazının tam açılması ABŞ-nin atacağı addımlardan asılıdır.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin ən mühüm keçid nöqtələrindən biri hesab olunur və burada baş verən hadisələr qlobal enerji bazarına birbaşa təsir göstərir. Eyni zamanda, ekoloji təşkilatlar rekord mənfəət əldə edən neft şirkətlərinə əlavə vergi tətbiq olunmasını və həmin vəsaitin iqlim layihələrinə yönəldilməsini təklif edirlər.
Vüsalə Hüseynova,
BakuPost