ABŞ ilə İran arasında müharibənin bitməsinə hesablanmış 14 bəndlik razılaşma regiona nəhayət çoxdan gözlənilən əmin-amanlıq, sülh gətirə bilər.
Bununla yanaşı, həmin razılaşmanın detalları tərəflərdən hansının daha çox qazanc, üstünlük əldə etdiyi sualını ortaya çıxarır.
ABŞ-İran razılaşması tərəflərdən hansı üçün daha sərfəlidir?
Siyasi şərhçi Elçin Xalidbəyli
Bakupost.az-a bildirib ki, ABŞ ilə İran arasında əldə olunan razılaşma başa çatan savaşda mütləq qalib tərəfin olmadığını göstərir:
“Tərəflərdən heç biri hərbi zəfər əldə edə bilməyib. Ümumi şəkildə ictimailləşmiş saziş şərtlərinə diqqət yetirdikdə, şübhə doğurmur ki, bu sənəd hər iki tərəf üçün ciddi problemlər yaradacaq”.
Ekspertin fikrincə, sazişə əsasən ən çox uduzan tərəf qismində Vaşinqton görünür:
“ABŞ öz qlobal nüfuzu ilə uzlaşmayan bir sənədə imza atmış kimi görünür. Əldə olunmuş razılaşmanın məzmunu göstərir ki, daha çox ABŞ Yaxın Şərq savaşının həm döyüş meydanı, həm də danışıqlar masasında məğlub tərəf kimi görünür”.
Bununla belə, ekspertin sözlərinə görə, İranın da ciddi qələbəsi yoxdur:
“Çünki savaş meydanında qələbə qazanmayıb. Sadəcə, danışıqlar masasında ABŞ ilə siyasi qarşıdurmada tab gətirə bilib. Lakin sazişin nəticələri Tehran üçün də böyük ölçüdə sərfəli deyil. Düzdür, Tehran müəyyən güzəştlər əldə edib. Ancaq bu güzəştlərin bir çoxu müvəqqəti xarakter daşıyır. İranın nüvə proqramı məsələsi də hələlik açıq qalır. Hər iki tərəf “artıq savaş bitdi, sülh sazişi imzalandı” kimi açıqlamalarla reallaşmayan maraqlara görə müharibənin davam etdirilməməsinə hüquqi-siyasi arqument əldə etdi. Bu arqumentin hansə müddətə qədər qüvvədə olacağı isə qeryi-müəyyən xarakter daşıyır”.
Rüfət Sultan, BakuPost