ABŞ administrasiyası İranla qarşıdurmanın hərbi səviyyəyə keçə biləcəyi istiqamətində ciddi hazırlıqlar edir.
Bakupost.az “The Washington Post”a istinadən xəbər verir ki, Pentaqon Yaxın Şərqdə böyük hərbi zərbə qüvvəsi yığıb və bu qüvvənin formalaşması artıq tamamlanmaq üzrədir.
Mənbələr bildirir ki, zərbə qüvvəsinin mərkəzində “USS Gerald R. Ford” təyyarədaşıyan döyüş qrupu və ona müşayiət edən hərbi gəmilər durur. Bu qrupun yaxın günlərdə regiona daxil olması ilə ABŞ-ın İranla hərbi qarşıdurma üçün real potensialı yaranır.
Prezident Donald Tramp bu həftə Vaşinqtonda çıxışı zamanı nüvə danışıqlarının gələcəyinə dair “10 gün içində ya razılaşma, ya da başqa ssenari” kimi qeyri-müəyyən bir vaxt çərçivəsi bəyan edib. O, dialoqa hələ ümid etdiyini desə də, Iranla bağlı qərarın yaxın müddətdə veriləcəyini vurğulayıb.
Rəsmilər qeyd edirlər ki, hələlik heç bir hərbi əməliyyat rəsmən təsdiqlənməyib, lakin zərbə qüvvəsi artıq formalaşdırılır və ABŞ liderliyi müzakirələr zamanı bu variantı ciddi şəkildə nəzərdən keçirir. Bununla belə, ekspertlər bildirirlər ki, İranın cavab tədbirləri regionda yeni müharibə riskini artırır və qlobal neft bazarlarına da ciddi təsir göstərə bilər.
İranın nüvə proqramı, raket imkanları və regiondakı təsir dairəsi ilə bağlı danışıqlar hələ də davam edir, lakin Tehran əsas siyasi mövqeyindən geri çəkilmək niyyətində deyil. Bu da hərbi qarşıdurma ehtimalını real səviyyəyə çıxarır.
ABŞ-nin Yaxın Şərqdə güclü hərbi qüvvə yığması və Tramp administrasiyasının yaxın günlərdə İranla bağlı qərar verməsi planı regionda yeni nəhəng gərginliyə yol aça bilər.
Cavid, BakuPost