Ru
14:24 / 31 Mart 2026

ABŞ-NATO xəttində gərginlik - “Tramp ona möhtacdır”

ABŞ-NATO xəttində gərginlik - “Tramp ona möhtacdır”
Eye

ABŞ-la NATO-nun digər müttəfiq üzvləri arasında münasibətlər gərgin olaraq qalmaqdadır. Dövlət katibi Marko Rubio NATO üzrə müttəfiqlərin İranla müharibədə tutduqları mövqedən məyus olduqlarını bildirib. Bu əsasda o, müharibə başa çatdıqdan sonra Alyansla münasibətlərə yenidən baxacaqlarını bəyan edib.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, Donald Trampın NATO ilə münasibətlərə yenidən baxmaq imkanları məhduddur:

“Məsələnin mahiyyətini anlamaq üçün tarixə nəzər salmaq lazımdır. İkinci Dünya Müharibəsindən ABŞ və Sovet İttifaqı güclü dövlətlər kimi çıxdılar. Sovet rejiminin Şərqi Avropanı işğal etməsi Amerikanı ciddi şəkildə narahat edirdi”.

Politoloqun sözlərinə görə, Vaşinqton ərazi, qoşun və sənaye potensialı baxımından Avropanın daim öz yanında olmasında maraqlı olub və bu gün də buna məhkumdur:

“Beləliklə, Qərbi Avropanı ətrafına toplayaraq müdafiə təşkilatı olan NATO-nu yaratdı və qurumun əsas yükünü də öz üzərinə götürdü. SSRİ dağıldıqdan sonra isə artıq böyük miqdarda hərbi xərclərə ehtiyac qalmadı. Nəticədə Avropada sosial sahəyə ayrılan vəsaitlərin həcmi artdı”.

Həmsöhbətimiz Trampın NATO ilə bağlı istəyinə nail olacağına inanmır:

“Donald Tramp hakimiyyətə gələn kimi NATO üzrə müttəfiqlərdən hərbi xərcləri ümumi daxili məhsulun 3-5 faizi səviyyəsinə qaldırmağı tələb etdi. Bu isə Avropanı seçim qarşısında qoydu. Bəzi ölkələr Trampın təklifinə razılaşsa da, İspaniya kimi dövlətlər hələ də müqavimət göstərir. Eyni zamanda Böyük Britaniya, Fransa, Almaniya və İtaliya NATO nizamnaməsinə istinad edərək İranla müharibəyə qoşulmayacaqlarını bəyan edirlər. Onlar bu məsələdə insan itkisi və əlavə xərclərdən yayınmaq üçün ABŞ-la məsafə saxlayırlar.

Bütün bunlar onu göstərir ki, hətta müharibə bitdikdən sonra belə Vaşinqtonun NATO ilə münasibətlərə ciddi şəkildə yenidən baxmaq imkanı yoxdur. ABŞ NATO-ya möhtacdır. Bu istiqamətdə Trampın əlindən ciddi bir addım gəlməyəcək. Onun səsləndirdiyi hədə dolu fikirlər isə daha çox təzyiq və qorxutma xarakteri daşıyır”.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio NATO üzrə müttəfiqlərin İranla müharibədə tutduqları mövqedən Vaşinqtonun məyus olduğunu bildirib. O, həmçinin qeyd edib ki, müharibə başa çatdıqdan sonra Ağ Ev Alyansa münasibətinə yenidən baxa bilər.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar