ABŞ artıq İranla razılığa gəlmək ərəfəsindədir.
Son günlər ABŞ rəsmiləri öz açıqlamalarında Tehrana münasibətdə müəyyən dərəcədə xoş sözlər də işlətməyə başlayıblar.
ABŞ-nin vitse-prezidenti J.D. Vens jurnalistlərin suallarını cavablandırarkən Tehranın razılaşma əldə etmək istədiyinə əminliyini ifadə edib:
"İnanırıq ki, onlar, ən azı indilik, vicdanla danışıqlar aparırlar".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
Bakupost.az-a bildirib ki, Vensin bu açıqlaması ABŞ-nin İranla növbəti müharibəyə başlamaq istəmədiyinin göstəricisidir:
“Növbəti müharibəyə başlamamaq üçün də amerikalı rəsmilər elə açıqlamalar verməlidir ki, guya İran nədəsə güzəştə getməyə hazırdır. Belədə Tramp özü başda olmaqla ABŞ rəsmiləri bəzən guya qarşı tərəfin Vaşinqtonun şərtlərini yerinə yetirməyə hazır olduğu barədə belə ümidverici açıqlamalar verirlər. Nəticədə isə məsələni uzadırlar”.
Ekspert reallıqda durumun tamamilə fərqli olduğunu düşünür:
“Amerika ilə İran arasında razılaşma imkanları hələlik məhduddur. Baxmayaraq ki, ABŞ rəsmiləri, o cümlədən vitse-prezident Vens razılaşmaya, məsələnin həllinə yaxın olduqlarını deyir. ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirir. Bu atəşkəsin pozulması kimi qiymətləndirilməsə də, iki ölkə afrasında gərginliyin davam etdiyini, danışıqlarda real irəliləyişin əldə olunmadığını göstərir. İran uranın zənginləşdirilməsi və Hörmüz boğazının açılması məsələsində geri addım atmır.
Fikrincə belə vəziyyətdə danışıqlar Pakistan üzərindən davam etdirilsə də, nəticə əldə olunmayacaq. Sadəcə nisbi atəşkəs davam edəcək”.
Rüfət Sultan,
BakuPost