Ru
09:14 / 08 Sentyabr 2026

ABŞ-nin vitse-prezidenti Vens niyə birdən-birə Dəccaldan danışmağa başlayıb?

ABŞ-nin vitse-prezidenti Vens niyə birdən-birə Dəccaldan danışmağa başlayıb?
Eye

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens qatıldığı xristian yönümlü bir verilişdə Dəccalın (Xristianlıqda: Antichrist) artıq insanların arasında ola biləcəyini və dünyanın son zamanlarını yaşaya biləcəyimizi bəyan edib.

“Bakupost” xəbər verir ki, sentyabrın əvvəlində yayımlanan bu açıqlama həm ABŞ-də, həm də dünya mediasında böyük maraq və müzakirə doğurub.

Vens "Dəccalın hazırda aramızda gəzdiyini bilsəm, buna heç təəccüblənmərəm" deyərək bəşəriyyətin mistik bir dövrdən keçdiyinə eyham vurub. Dünyanın sonunun yaxınlaşıb-yaxınlaşmaması barədə suala isə o, "Bilmirəm, amma son zamanları yaşamağımız mümkündür" cavabını verib.

Vens həmçinin bəzi müasir texnoloji prosesləri (məsələn, süni intellektin bəzi sahələrdə istifadəsini) "şeytani" adlandırıb.
Görünən odur ki, ABŞ-nin hazırkı administrasiyasında dini düşüncələr getdikcə real siyasətlə daha çox kəsişir.

Dünyanın ən qüdrətli ölkəsi, az qala hər şeyə sahib olan bəzi ABŞ rəsmilərinin belə düşüncəyə sahib olmaları istər-istəməz müəyyən suallar doğurur.

Siyasi şərhçi Elşən Manafov “Bakupost”a bildirib ki, Vensin çıxışını mübaliğəli adlandırmaq olar:

“ABŞ-nin mühafizəkar düşüncə tərzinə malik siyasətçiləri sırasında yer alan Vensin bu sayaq münasibəti dünya mediasında ciddi rezonans doğurub. Hərçənd Vensin qlobal siyasətdə yaşananlara siyasi konyuktura konteksində yanaşdığı siyasi ekspertlərdə şübhə doğurmur”.

Ekspertin fikrincə, Vens apokalipsis və Dəccalla baglı məsələləri ABŞ və onun ətrafında cərəyan edən proseslərlə əlaqələndirməyə çalışarkən şübhəsiz ki, Tramp iqtidarının müasir dünya nizamı ilə baglı əsil niyyətlərini ört-basdır etməyə çalışıb:

“Bundan əlavə İrana qarşı aparılan müharibə, Hörmuz boğazı ətrafında yaşanan hadisələr ABŞ və dünya ictimaiyyətində dərin narazılıq doğurduğundan Vensin noyabrda konqresə keçiriləcək aralıq seçkiləri ərəfəsində respublikaçıların elektoratını səfərbər etməyə çalışdığı da istisna deyil”.

Müsahibimizin sözlərinə görə, cəmiyyətin dini kəsiminin mövqeyi ABŞ-də bir qayda olaraq siyasətçilərin həmişə diqqət mərkəzində olub və Vensin də bu sayaq açıqlamalarla onları respublikaçıları müdafiə etməyə çağırdığını güman etmək olar:

“Nəzərə alaq ki, Prezident Tramp özunu dunyanı xilas edəcək İsa Məsihlə müqayisə etmiş və bu dini kəsimin dərin narazılığına səbəb olub. Bu fonda Vensin məlum açıqlama ilə liderini müdafiə etməyə çallışdığı şəksizdir”.
E.Manafov bildirir ki, Vensin bu açıqlamasını onun 2028-ci ilin Prezident seçkilərinə hazırlıq mərhələsi kimi də dəyərləndirmək olar:
“Vensin seçki kompaniyasına zamanında maliyyə dəstəyi verən milyarder Piter Mol özünün ifrat sağçı, mühafizəkar və teokratik baxışları ilə məşhurdur və 2028-ci ildə prezidentliyə namizəd olacağını bəyan edən Vens artıq indidən özünün seçki kampaniyası üçün sponsor axtarışına çıxıb.
Digər tərəfdən, tarix boyu liderlər siyasi hakimiyyət ugrunda mübarizədə dini teokratik iyerarxiyanın dəstəyinə həmişə ehtiyac duyublar və Vens də bu mənada istisna təşkil etmir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar