ABŞ Qətərdəki Əl-Udeyd hərbi-hava bazasında təhlükəsizlik tədbirlərini artıraraq bəzi hərbi qulluqçuların dərhal çıxarılmasını əmr edib.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, üç diplomatik mənbə agentliyə verdiyi məlumata görə, bir qrup hərbçiyə axşama qədər bazanı tərk etmək tövsiyə olunub. Əl-Udeyd Pentaqonun Yaxın Şərqdəki ən böyük hərbi bazası hesab olunur və burada təxminən 10 min ABŞ əsgəri var.
Qeyd edilir ki, 12 günlük müharibə zamanı İran tərəfindən bu bazaya raket hücumları həyata keçirilmişdi. ABŞ-nin iyun ayında başlatdığı hava əməliyyatları ərəfəsində də bəzi personal bölgədəki digər bazalardan çıxarılmışdı.
Bu arada ABŞ prezidenti Donald Tramp dünən İran xalqına müraciətində bildirib: “Kömək yoldadır. İranın əzəmətini geri qaytaracağıq!”
Bu arada ABŞ Dövlət Departamenti İranın etirazçıları “terrorçu” və “iğtişaşçı” kimi təqdim etməsinə qarşı sərt açıqlama verib. Departamentin farsdilli “X” hesabında, “İran etirazçıları iğtişaşçı və terrorçu adlandırmaqla dünyanı aldatmağa çalışır. Bunlar zorakılığı haqlı çıxarmaq üçün istifadə edilən etiketlərdir, başqa bir şey deyil”, – yazılıb.
Son günlər İran hakimiyyəti etiraz aksiyalarını gizlətmək üçün nümayişçiləri “terrorçu” kimi təqdim edir. Eyni zamanda, xarici səfirləri İran Xarici İşlər Nazirliyinə dəvət edən naziri Abbas Araqçı etirazçılara qarşı zorakılığı haqlı çıxarmağa çalışıb.
Cavid, BakuPost