ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper prezident Donald Trampa İrana qarşı 10-14 gün davam edəcək intensiv hava hücumları planını təqdim edib. Kuper İrandan gələn raket təhlükəsini əhəmiyyətli dərəcədə azaltmaq üçün hava hücumlarını gücləndirməyi təklif edib.
"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, plan İranın raket potensialını məhv etməyi hədəfləyir.
Admiral Kuperin sözlərinə görə, bu yanaşma ABŞ-nin raketdən müdafiə sistemlərindən istifadə ehtiyacını azaldacaq. Çünki İran daha az raket hücumu qabiliyyətinə malik olacaq.
ABŞ prezidenti Donald Tramp hələ İrana qarşı əlavə hərbi əməliyyatlar barədə qərar verməyib.
Hərbi ekspert Üzeyir Cəfərov
"Bakupost"a bildirib ki, Donald Tramp admiralın təklif etdiyi planı qəbul etməyəcək:
“Admiral təklif edir ki, İran hədəflərinə intensiv zərbələr vurulsun və bununla da Tehranın ABŞ və müttəfiqlərinin bazalarına hücumları məhdudlaşsın. Amma göründüyü kimi, iki dəfə həyata keçirilən hücumlar nə İranın raket potensialını azaltdı, nə də istənilən nəticəni vermədi”.
Ekspert hesab edir ki, ABŞ Mərkəzi Komandanlığı təklifi verərkən bəzi nüansları nəzərə almayıb:
“ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahının rəisi bir qədər entiyatlı mövqe sərgiləyir ki, o da başa düşüləndir. Çünki İran ABŞ-nin Yaxın Şərqdəki mövqelərinə daha kəskin hücumlar həyata keçirir. Son məlumatlara görə İranın raket potensialı 60 faiz qalmaqdadır. Deməli, hələ İran cavab zərbələri endirə bilər. Deməli, Kuperin planı Amerikanın özü üçün də problemlər yaşadacaq. Son məlumatlara görə, artıq Səudiyyə Ərəbistanı da İrana qarşı əməliyyatlarda iştirakla bağlı qərar verib. Tehran bu təhdiddən çəkinməyəcək və hücumlar ölkənin raket potensialını əhəmiyyətli dərəcədə zəiflətməyəcək”.
Ü. Cəfərovun sözlərinə görə, təklif müəyyən korrektlərə uğrayacaq.
Rüfət Sultan,
BakuPost