ABŞ administrasiyasının Türkiyənin milli qırıcı təyyarəsi KAAN üçün nəzərdə tutulan F110 mühərriklərinin satışı ilə bağlı Konqresə təqdim etdiyi bildiriş prosesi kritik mərhələni keçib.
“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, Konqres NATO müttəfiq ölkələr üçün nəzərdə tutulan 15 günlük baxış müddətində satışın qarşısını almaq üçün heç bir qətnamə qəbul etməyib. Bu səbəbdən satış prosesi davam edir.
Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti 24 iyun 2026-cı ildə Konqresə rəsmi bildiriş göndərmişdi. Bundan sonra bəzi konqresmenlər satışın dayandırılması üçün təşəbbüs irəli sürüblər.
Konqresin doqquz üzvü tərəfindən imzalanan birgə qətnamədə Türkiyəyə planlaşdırılan bəzi müdafiə məhsulları və xidmətlərinin satışının qarşısının alınması tələb olunurdu. Lakin bu sənəd baxış müddəti ərzində nə Nümayəndələr Palatasına, nə də Senata təqdim edilməyib.
Beləliklə, 9 iyul tarixində 15 günlük baxış müddəti başa çatıb. Satış Konqresdə heç bir maneə ilə üzləşmədən davam edəcək.
Satış paketinə F110-GE-129E/F mühərriklərinin KAAN təyyarəsinə inteqrasiyası, yığılması, modifikasiyası, sertifikatlaşdırılması və sınaqları daxildir. Bundan əlavə, texniki dəstək və məlumat mübadiləsi də bu prosesə daxildir.
Bahar Babaşova, BakuPost