Ru
12:32 / 14 Yanvar 2026

ABŞ Xameneini də oğurlaya bilər - MÜMKÜN SSENARİLƏR

ABŞ  Xameneini də oğurlaya bilər - MÜMKÜN SSENARİLƏR
Eye

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində iranlılara müraciət edərək, İranda baş verən etirazlarla bağlı sərt açıqlama verib. O, etirazçıların öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etdiyini bildirib və iranlıları etirazları davam etdirməyə çağırıb.


“İranlı vətənpərvərlər, etirazları davam etdirin, qurumlarınızı ələ keçirin! Qatillərin və zorakılıq edənlərin adlarını qeyd edin. Onlar etdiklərinin cəzasını çəkəcəklər. Etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Yardım yoldadır”.

Maraqldır, Trampın bu çağırışının arxasında hansı mesajlar dayanır? Vaşinqtonun İrana hərbi müdaxilə ehtimalı nə dərəcədə realdır?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında siyasi şərhçi Oktay Qasımov bildirib ki, Trampın son açıqlamaları təsadüfi deyil:


“Əslində Donald Trampın dünən keçirdiyi mətbuat konfransına diqqət yetirsək, bu məsələlərə toxunulduğunu görərik. O, “İrana yardım yoldadır” ifadəsinin mənasının və şifrələrinin tapılmalı olduğunu bildirdi. Görünən odur ki, ABŞ İrandakı vəziyyətin gedişatından istifadə edərək özünün müəyyən planlarını həyata keçirmək istəyir. Nəzərə alsaq ki, dünən Trampın xüsusi elçisi Stiv Uitkoff da Pəhləvilərin nümayəndəsi olan Rza Pəhləvi ilə görüş keçirib. Bu o deməkdir ki, ABŞ İranda rejimin dəyişməsi ilə bağlı müəyyən planlara malikdir”.

O.Qasımovun sözlərinə görə, proses bir neçə ssenari üzrə inkişaf edə bilər:

“Bunlardan biri Venesuela ssenarisidir. Yəni rejim rəhbərlərindən bir neçə nəfəri aradan götürməklə rejim daxilindəki qüvvələrlə əməkdaşlıq edib İranla münasibətləri qaydaya salmaq. Amma bu münasibətləri qaydaya salmaq üçün də İrandan tələb olunan bir çox məsələlər var. Əgər Venesuela ssenarisi olacaqsa və rejim nümayəndələri bunu qəbul edəcəksə, bu, İranın nüvə proqramının dayandırılması və ballistik raket istehsalının tamamilə durdurulması ilə bağlı tələblərdir”.

Siyasi şərhçi əlavə edib ki, ikinci ssenari isə İranda gedişatdan asılı olaraq hərbi müdaxilə yolu ilə rejimin dəyişdiriıməsi və Pəhləvilərin nümayəndəsinin hakimiyyətə gətirilməsidir:

“Burada da müəyyən ziddiyyətli məqamlar var. Bir tərəfdəm Pəhləvilərin nümayəndəsi ilə Trampın nümayəndəsi Stiv Uitkoff görüşür. Şübhəsiz ki, Trampın rəyi olmadan belə bir görüşün keçirilməsi mümkün deyil. Digər tərəfdən isə Trampın özü də bildirir ki, Rza Pəhləvi yaxşı insan olmaqla bərabər, o, yaxşı lider deyil və lider xalqın arasından seçilməlidir. Bütün hallarda görünən odur ki, ABŞ-nin müəyyən planları var və bu müdaxilənin, hesab edirəm ki, ehtimalı kifayət qədər yüksəkdir. Bu, mümkün olan variantdır. Nəzərə alsaq ki, ABŞ-nin ciddi şəkildə hərbi qüvvələri bölgəyə yerləşdirilib”.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar