Ru
16:12 / 04 İyun 2026

Adı atəşkəsdir, hamı bir-birini vurur: İran nüvə silahına güvənir?

Adı atəşkəsdir, hamı bir-birini vurur: İran nüvə silahına güvənir?
Eye

ABŞ ilə İran atəşkəs elan etsələr də, nədənsə ona tam şəkildə əməl etmirlər. Atəşkəs elan olunandan bəri dəfələrlə pozulub. Hətta İsrailin Livana hücumu dayandırıldıqdan sonra belə, İran Küveytə zərbələr endirib.

Küveytin beynəlxalq hava limanı İran PUA-ları və raketlərin hücumuna məruz qalıb. Nəticədə bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Bildirilidiyinə görə, hava limanı ilə yanaşı, mühüm infrastruktur obyektlərinə və diplomatik nümayəndəliklərə də ziyan dəyib. Eyni zamanda, ABŞ də İranın müxtəlif obyektlərini vurmağa davam edir.

Siyasi şərhçi Xəyal Bəşirov Bakupost.az-a bildirib ki, atəşkəsin tez-tez pozulması tərəflərdən heç birinin güzəştə getmək istəməməsilə bağlıdır:

“İyunun 8-də ABŞ ilə İran arasında atəşkəsin elan olunmasının iki ayı tamam olur. Ama buna baxmayaraq, bu müddət ərzində bəzən atəşkəs rejiminin pozulması hallarının da şahidi oluruq. İran gəmisi Hörmüz boğazında ABŞ blokadasını yarmağa cəhd edib. Qarşı tərəf də onu vurub. Ona cavab olaraq İran da Küveyt və Behreyni hədəfə alıb. Paralel olaraq İsrail də Livanı vurub. Bunlar isə faktiki olaraq atəşkəsin pozulmasıdır. ABŞ-İran münasibətləri, aparılan danışıqlar mürəkkəb vəziyyətdədir. Heç bir tərəf öz şərtindən geri çəkilmək istəmir”.

Həmsöhbətimiz hesab edir ki, ABŞ-nin ikinci mərhələdə bölgəyə əlavə donanma toplasa da, İrana hücum etməməsi Tehranda artıq nüvə silahının hazır olması ehtimalı ilə əlaqədardır:

“ABŞ və İsrail İranın nüvə silahının bir addımlığında olduğunu, istənilən vaxt onu hazırlayıb, istifadə edə biləcəyindən əmindir. Müharibə dövründə xilas edilmiş pilotlar da zənginləşdirilmiş uranın çıxarılmasına nail ola bilməyiblər. Nəticədə danışıqlar prosesi düyünə düşüb”.

X.Bəşirovun sözlərinə görə, güzəştə getməmək prosesi davam etdikcə, atəşkəsin beləcə pozulması halları da baş verəcək:

“Tərəflər bu yolla mümkün qədər bir-birini tükəndirməyə çalışacaq. Bu tükəndirmə prosesi də yekunda kiminsə məcburi konsensusa gəlməsi ilə nəticələnəcək”.
Ekspert düşünür ki, İran ərəb ölkələrini vurmağın işə yaradığını 40 günlük müharibədə əyani şəkildə gördü:

“Bununla Tehran ABŞ-ni hücumları dayandırmağa məcbur etdi. Ona görə də İran bu prosesi dayandırmayacaq. Çünki belə vəziyyət ABŞ-nin regiondakı dayaqlarına ciddi zərbələr vurur.
Proses uzun çəkəcək. Sonda da daha çox ABŞ güzəştə getməyə məcbur olacaq”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar