Ru
12:38 / 18 Sentyabr 2026

ADMİU-dan qovulan tələbə yenidən bərpa oluna bilər? - AÇIQLANDI

ADMİU-dan qovulan tələbə yenidən bərpa oluna bilər? -  AÇIQLANDI
Eye

Son günlərin ən çox müzakirə olunan məsələlərindən biri “TikTok”da canlı yayım zamanı ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhqiramiz ifadələr işlədən və onları hədələyən bacı-qardaşla bağlı baş verənlərdir. Həmin şəxslər polis şöbəsinə çağırılıb, barələrində inzibati protokollar tərtib edilib. Onlardan ADMİU tələbəsi Kənan Zindadil isə universitetdən xaric olunub.
Bundan sonra K.Zindadil sosial şəbəkələrdə videomüraciət yayaraq universitet rəhbərliyinin onun barəsində araşdırma aparmadan və haqsız şəkildə qərar qəbul etdiyini bildirib. O, təhsil aldığı müddətdə müxtəlif şəxslər tərəfindən təzyiq və təhqirlərə məruz qaldığını iddia edib və universitetə bərpa olunmaq istədiyini açıqlayıb.

Məsələ ilə bağlı cəmiyyətdə fərqli fikirlər səslənir. Bir qrup şəxs universitetin qərarını düzgün hesab etsə də, Milli Məclisin deputatı Ceyhun Məmmədov da daxil olmaqla, bəzi şəxslər qərarın sərt olduğunu və tez qəbul edildiyini bildiriblər.

Bəs tələbənin yenidən universitetə bərpa olunması hansı hallarda mümkündür?

“Bakupost”a danışan təhsil eksperti Məzahir Məmmədli hesab edir ki, universitetin verdiyi qərar bir qədər tələsikdir:

“Bütün hallarda bu kimi hallar hüquq-mühafizə orqanları tərəfindən araşdırıldıqdan sonra məsələ ilə bağlı müəyyən bir qərar qəbul etmək olardı. Ancaq biz universitetin daxili intizam qaydalarını da bilmirik. Ola bilsin ki, universitetin reqlamenti, daxili qaydaları bu tip tələblərlə bağlı sərt qərar verməyin tərəfdarıdır. Biz hələ bilmirik, indiyədək həmin tələbə ilə bağlı hansı ölçülər götürülüb, xəbərdarlıqlar edilib, özünü necə aparıb, universitet həyatındakı rolu nədən ibarət olub. Ona görə də məsələ ilə bağlı universitetin qərarına da müəyyən qədər haqq vermək olar”.

Ekspert vurğulayıb ki, bütün hallarda universitetin daxili intizam qaydası Azərbaycan Respublikasının Konstitusiyasından üstün olmamalıdır:

“Görünən odur ki, cəmiyyətin diktəsi, narazılıq, 65 mindən artıq birinci kurs tələbələrinin valideynlərinin fikirlərini də nəzərə alsaq, əlbəttə ki, tələblərə edilən təhdid sakit ötüşə bilməzdi. Düşünürəm ki, universitet ictimai gərginliyi də nəzərə alaraq belə bir addım atıb”.

Tələbənin universitetə bərpası məsələsinə gəlincə, M.Məmmədli bildirib ki, universitet özü məsələni yenidən nəzərdən keçirə və müəyyən öhdəliklər qarşılığında onu tələbələr sırasına qaytara bilər:

“Universitetdən xaric etmə ağır qərar olduğu üçün müəyyən faktlar toplanılmalı, təqdim olunmalıdır. Yaxşı olardı ki, bu məsələ məhkəmə qaydasında həllini tapsın. Eyni zamanda ictimai narazılığı nəzərə almalıyıq. Şərhlərə də baxanda görürük ki, 80 faiz insan onun davranışını pisləyir və yenidən tələbə olmasını rədd edir. Başqa bir tərəfdən, ailə üzvü - bacısı ilə belə bir addım atması cəmiyyətdə çox ciddi ikrah yaradıb. Görünür ki, universitet bu addımı gərginliyi azaltmaq üçün atıb”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar