ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların dayandırılması ideyasını ümumən dəstəkləyir.
“The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır ki, Tramp hərbi yoldan daha çox iqtisadi təzyiqlərin Vaşinqtonun İranla bağlı məqsədlərinə çatmasına imkan verəcəyinə inanır.
Bəs Ağ Ev iqtisadi təzyiqləri artırmaqla İran məsələsində istədiyi nəticəni əldə edə biləcəkmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Elxan Şahinoğlu “Bakupost”a bildirib ki, İranı, daha dəqiq desək, SEPAH rəhbərliyini geri çəkilməyə məcbur etməyin iki yolu var:
“Ya qələbə ilə başa çatan müharibə, ya da iqtisadi təzyiq. İki dəfə savaş oldu, amma SEPAH zəifləmədi. Əksinə, daha da qəddarlaşıb. Deməli, müharibə yolu ilə məsələni həll etmək mümkün olmayacaq”.
Ekspertin sözlərinə görə, məhz buna görə Tramp ikinci varianta – İranı iqtisadi cəhətdən zəiflətmək siyasətinə üstünlük verir:
“Bu siyasət müəyyən qədər nəticə verib. İran Prezidenti Pezeşkian da sosial problemlərin artdığını, zavod və fabriklərin bağlandığını, maaşların gecikdirildiyini etiraf edir. Yəni insanlar narazıdır, amma hələ ki, küçələrə çıxmırlar. Amerikanın məqsədi 90 milyonluq əhalisi olan İranda həyat şəraitini daha da ağırlaşdırmaqdır ki, insanlar etiraza qalxsınlar. Görünən odur ki, Tramp genişmiqyaslı olmasa da, İrana ara-sıra zərbələr endirməkdə davam edəcək, eyni zamanda iqtisadi təzyiq və sanksiyaları artıracaq”.
Elxan Şahinoğlu hesab edir ki, iqtisadi təzyiqlərin gücləndirilməsi SEPAH-ın dərhal geri çəkilməsi və ya təslim olması demək deyil:
“Amma SEPAH-ın da gücü əbədi deyil. Gələcək illərdə yaranacaq daha acınacaqlı vəziyyət bəlkə də SEPAH-ın hakimiyyətinə təsir edəcək. ABŞ siyasətini əsasən bu istiqamətdə davam etdirəcək ki, SEPAH zəifləsin və insanlar ayağa qalxsın. Çünki SEPAH-ın hakimiyyəti dəyişmədən İranla hər hansı real anlaşmanın əldə edilməsi mümkün olmayacaq”.
Rüfət Sultan,
BakuPost