ABŞ-də İranla bağlı vəziyyət kəskin şəkildə gərginləşib.
Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, Ağ Evdə yüksək səviyyəli qapalı toplantı keçirilib və masada İrana qarşı hərbi zərbə ssenariləri də daxil olmaqla bütün variantlar müzakirə olunub.
Ağ Ev mətbuat xidmətinin rəhbəri Karolin Livitin məlumatına görə, Prezident Donald Tramp, İran hökumətinin etirazlara qarşı sərt müdaxiləsi və yüzlərlə insanın həlak olması fonunda milli təhlükəsizlik komandasını təcili şəkildə toplayıb. Toplantıda diplomatik təzyiqdən birbaşa hərbi müdaxiləyədək geniş spektrli ssenarilər nəzərdən keçirilib.
ABŞ mediasının yazdığına görə, görüşdə haraya və hansı formada zərbə endirilə biləcəyi, mümkün əməliyyatların vaxtı və miqyası, eləcə də regionda yaranacaq nəticələr ətraflı müzakirə olunub. Bildirilir ki, uzaqmənzilli zərbələr, kiber əməliyyatlar və paralel siyasi təzyiq mexanizmləri masadadır.
Ağ Ev vurğulayıb ki, Tramp eyni zamanda Tehrandan daxil olan gizli mesajları da dəyərləndirir, lakin bu, ABŞ-ın hərbi variantlardan imtina etdiyi anlamına gəlmir. Rəsmi Vaşinqton açıq şəkildə bildirir ki, “qırmızı xətlər aşılmaq üzrədir”.
Gərginliyi daha da artıran məqam isə Trampın İranla ticarət edən ölkələrə 25% gömrük rüsumu tətbiq ediləcəyini elan etməsidir. Bu addım Tehranın iqtisadi baxımdan sıxışdırılması və paralel olaraq hərbi təzyiqin gücləndirilməsi kimi qiymətləndirilir.
ABŞ mediasının məlumatına görə, vitse-prezident Ceyms Vens, dövlət katibi Marko Rubio, Müdafiə naziri Pit Heqset və Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli üzvləri yaxın saatlarda Trampa təqdim olunması gözlənilən son qərar paketi üzərində işləyir.
Vaşinqtondakı mənbələr bildirir ki, proses artıq kritik mərhələyə daxil olub və qərar istənilən an verilə bilər.
Cavid, BakuPost