Ru
17:48 / 15 Oktyabr 2026

Ağdamdan başlayan zirvə yolu: Tarın sehrini dünyaya tanıdan şəxsiyyət

Ağdamdan başlayan zirvə yolu: Tarın sehrini dünyaya tanıdan şəxsiyyət
Eye


Musiqişünas və pianoçu Aslan Mustafazadə

XX əsrdə Azərbaycan musiqi mədəniyyətində tar ifaçılığı yüksək inkişaf səviyyəsinə yüksəlib. Bu tərəqqinin əsasında isə ilk növbədə milli musiqi ənənələrini yaşadan və zənginləşdirən görkəmli sənətkarlar dayanır.

Azərbaycan tar ifaçılığı sənətindən və bu sənətin formalaşdırdığı ifaçılıq məktəbindən söz açarkən, ilk növbədə, görkəmli tarzən Ramiz Quliyevin adı yada düşür. O, özünəməxsus ifa üslubu, yüksək peşəkarlığı və uzunillik səhnə təcrübəsi ilə Azərbaycan musiqi mədəniyyəti tarixində dərin və silinməz iz qoymuş sənətkarlardandır.

Görkəmli tarzən Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdam şəhərində anadan olub. İlk musiqi təhsilini Ağdam şəhərindəki yeddiillik musiqi məktəbində alan sənətkar 1964–1969-cu illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar ixtisası üzrə təhsil alıb. Bu təhsil onun peşəkar ifaçı kimi formalaşmasında, milli musiqi ənənələrini dərindən mənimsəməsində və gələcək yaradıcılıq fəaliyyətinin istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayıb.

1974-cü il Ramiz Quliyevin sənət həyatında əlamətdar hadisələrlə yadda qalıb. Həmin ilin iyun ayında musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata layiq görülən tarzən, oktyabr ayında Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində laureat adını qazanıb. Bu uğurlar onun ifaçılıq məharətinin geniş auditoriya tərəfindən tanınmasına və sənətkar kimi nüfuzunun artmasına əhəmiyyətli təsir göstərib.

Ramiz Quliyevin ifaçılıq sənəti Azərbaycan musiqi mədəniyyətinin mühüm nailiyyətlərindən biri kimi dəyərləndirilə bilər. O, həm Azərbaycan bəstəkarlarının yaradıcılığına, həm də milli musiqimizin ənənəvi janrı olan muğam sənətinə yüksək peşəkarlıqla yanaşıb. Sənətkarın ifaları texniki ustalığı, musiqi ifadəliliyi, melodik zənginliyi və fərdi interpretasiya xüsusiyyətləri ilə seçilib. Məhz bu keyfiyyətlər onun ifaçılıq üslubunu fərqləndirən əsas cəhətlərdən olub.

Ramiz Quliyev Azərbaycan bəstəkarlarının tar və simfonik orkestr üçün yazdıqları konsert əsərlərinin mahir ifaçılarından biri kimi tanınıb. O, mürəkkəb musiqi mətnlərini yüksək texniki dəqiqlik və bədii ifadə vasitələri ilə təqdim edərək tarın solo alət kimi imkanlarını geniş auditoriyaya nümayiş etdirib. Bununla yanaşı, sənətkar Azərbaycan muğamlarının ifası və təbliği sahəsində də mühüm xidmətlər göstərib, muğam sənətinin nəsildən-nəslə ötürülməsində və milli musiqi irsinin yaşadılmasında əhəmiyyətli rol oynayıb.

Ramiz Quliyevin yaratdığı ifaçılıq məktəbinin əhəmiyyəti yalnız onun şəxsi sənət nailiyyətləri ilə məhdudlaşmır. Bu məktəb tar ifaçılığında peşəkarlıq, milli üsluba sədaqət və fərdi yaradıcılıq prinsiplərinin vəhdətini özündə birləşdirən mühüm ənənələr formalaşdırıb. Bu gün də onun sənət yolunu davam etdirən ifaçılar və musiqi ictimaiyyətinin nümayəndələri görkəmli tarzənin irsinə böyük ehtiramla yanaşırlar.

2026-cı il oktyabrın 15-də Ramiz Quliyevin vəfatının ildönümü ilə əlaqədar keçirilən anım mərasimində görkəmli sənətkarın xatirəsi yad edilib. Qəbirüstü abidəsinin açılışında xalq artistləri, əməkdar artistlər və musiqi ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər. Xalq artisti, tanınmış tarzən Vamiq Məmmədəliyev Ramiz Quliyevin yaradıcılığı və sənət fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, Xalq artisti və tanınmış pianoçu Murad Hüseynov da görkəmli tarzənin sənət irsi haqqında düşüncələrini dilə gətirib. Eyni zamanda, xanəndə Mənsum İbrahimov, tarzən Elçin Həşimov, Sahib Paşazadə Ramiz Quliyev məktəbinin Azərbaycan musiqi mədəniyyəti üçün əhəmiyyətindən danışıblar.

Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə də sənətkarın yaradıcılığı ilə bağlı maraqlı fikirlər səsləndiriblər. Görkəmli kino aktyoru Fəxrəddin Manafovun mərhum sənətkarın xatirəsini ehtiramla yad etməsi və onun haqqında ürək sözlərini bölüşməsi də həmin mərasimin diqqətçəkən məqamlarından olub.

Əlbəttə, Ramiz Quliyevin sənət dünyasını, yaradıcılığının miqyasını və Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələri əhatəli şəkildə təhlil etmək üçün geniş araşdırmaya ehtiyac var. Onun ifaçılıq məharəti yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Bu məqamı tanınmış kamança ifaçısı Mirnazim Əsədullayev də xüsusi vurğulayıb. O, Ramiz Quliyevlə birlikdə İranda uzunmüddətli konsert silsiləsində iştirak etdiklərini və həmin konsertlərə İranın müxtəlif bölgələrindən çoxsaylı dinləyicilərin gəldiyini qeyd edib. Bu fakt sənətkarın ifaçılıq sənətinin beynəlxalq miqyasda maraq doğurduğunu və milli musiqimizin tanıdılmasına xidmət etdiyini göstərir.

Ramiz Quliyev Azərbaycan bəstəkarlarının mahnılarını da özünəməxsus üslubda ifa edərək onların musiqi məzmununu tarın ifadə imkanları vasitəsilə dinləyicilərə çatdırıb. Vasif Adıgözəlovun “Qərənfil”, Andrey Babayevin “Pıçıldaşır ləpələr”, Emin Sabitoğlunun “Ala gözlüm”, Qəmbər Hüseynlinin “Ay işığında” və digər mahnıların onun ifasında səslənməsi sənətkarın repertuarının rəngarəngliyini nümayiş etdirir. Bu ifalar yalnız melodiyaların instrumental təqdimatı deyil, həm də bəstəkar musiqisinin fərdi ifaçı təfəkkürü ilə yenidən mənalandırılması baxımından diqqətəlayiqdir.

Bu gün görkəmli sənətkarın oğlu, tanınmış dirijor Əyyub Quliyev də öz peşəkar fəaliyyəti ilə ailənin musiqi ənənələrinin davam etdirilməsinə töhfə verir. Bu davamlılıq yalnız ailə irsinin qorunması deyil, eyni zamanda Azərbaycan musiqi mədəniyyətində sənətə bağlılığın, yaradıcılıq məsuliyyətinin və peşəkarlığın nəsillərarası ötürülməsinin nümunəsidir.

Ramiz Quliyevin sənət irsi Azərbaycan tar ifaçılığı tarixində xüsusi yer tutur. Onun ifaçılıq üslubu, milli musiqiyə münasibəti, muğam sənətinin yaşadılmasına verdiyi töhfələr və bəstəkar yaradıcılığının təbliği istiqamətindəki fəaliyyəti gələcək nəsillər üçün də mühüm örnək olaraq qalır. Böyük sənətkarın adı və musiqi irsi Azərbaycan musiqi mədəniyyətinin yaddaşında daim yaşayacaqdır.

Allah görkəmli tarzənimiz, böyük sənətkar Ramiz Quliyevə rəhmət eləsin!

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar