Ağdamdan olan keçmiş məcburi köçkünün Bakıda qaldığı yataqxana otağını tərk edərkən dağıtdığı bildirilir.
“Bakupost” xəbər verir ki, bununla bağlı aparıcı Səidə Bəkirqızı görüntülər yayıb.
Hadisənin Azərbaycan Dillər Universitetinin məcburi köçkünlərin yaşadığı 1 saylı yataqxanasında baş verdiyi qeyd olunub.
Bildirilib ki, əslən Ağdamdan olan keçmiş məcburi köçkün Arzu adlı şəxsə Ağdamda ev verilib. Onun Bakıda da evinin olduğu və yataqxanadakı otağı 6 il ərzində kirayəyə verdiyi iddia edilir.
Səidə Bəkirqızının sözlərinə görə, həmin otağın yataqxanada yaşayan və yeni ailə quran keçmiş məcburi köçkünlərdən birinin oğluna verilməsi nəzərdə tutulub.
Belə ki, otağı boşaltması tələb olunduqdan sonra qadın divar kağızlarını, su və kanalizasiya borularını söküb, unitazı və bəzi zəruri əşyaları aparıb. O, həmçinin sanitar qovşaq üçün quraşdırılan arakəsməni də dağıdıb.
“Əslən Ağdamdan olan keçmiş məcburi köçkün Arzu xanım özünə Bakı şəhərində ev alıb və dövlət də Ağdam rayonunda onu evlə təmin edib. Bütün bunlara baxmayaraq, Arzu xanım bu evi də əlindən verməyib, 6 ildir burada kirayəçi saxlayıb. Ona dəfələrlə dövlət tərəfindən xəbərdarlıq edilib ki, sən evlə təmin olunmusan, Bakıda sənin başqa yerdə evin də var, buradan çıx. O isə maksimum çalışıb ki, müxtəlif yollarla da olsa, bu yataqxananı da əlində saxlasın. Və iş o yerə çatır ki, artıq Arzu xanımdan tələb edirlər ki, buranı tərk et. Başqa keçmiş məcburi köçkünlər var ki, onlar hələ evlə təmin olunmayıblar. Onların övladları ailə həyatı qururlar və bir otaqda çox çətin olur. Ona görə də bu otağı elə burada yaşayan məcburi köçkünlərdən birinin yeni evlənən oğluna vermək istəyirlər.
Gördüyünüz kimi Arzu xanım divardakı aboyları, su borularını söküb. Pəncərənin bir şüşəsini qıranda qonşuların iradından sonra digər şüşələri də qırmağı dayandırıb. Unitazı belə aparıb. Hətta evin daxilində sanitar qovşaq üçün düzəldilən arakəsməni söküb, kanalizasiya borularını çıxardıb. Bu material mənə digər məcburi köçkünlər tərəfindən göndərilib”, - deyə aparıcı qeyd edib.
Lalə Novruz, BakuPost