Mövcud geosiyasi şəraitdə Avropa İttifaqı Azərbaycandan daha çox həcmdə enerji resursu almaqda, eyni zamanda Zəngəzur dəhlizinin Naxçıvan hissəsində nəqliyyat infrastrukturunun yenilənməsində iştirakda maraqlıdır.
Bu fikirləri
Bakupost.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kostanın Bakıya səfərinin məqsədlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, tərəflər arasında müzakirə edilən məsələlərin dairəsi kifayət qədər genişdir və Aİ-nin yüksək ranqlı təmsilçisinin Bakıya səfəri də bunun göstəricisidir:
“Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm yer tutan ölkələrdən biridir. İran ətrafında baş verən hərbi gərginlik fonunda Fars körfəzi bölgəsində ciddi risklər yaranıb. Həmin ərazidən karbohidrogen ehtiyatlarının daşınması çətinləşib. Bu isə Avropanın enerji təchizatında əlavə problemlər doğurub”, – deyə sabiq nazir vurğulayıb.
O qeyd edib ki, məhz bu səbəbdən Azərbaycanın rolu daha da ön plana çıxır:
“Bu reallığın nəticəsidir ki, Aİ-nin ölkəmizə marağı daha da artıb”.
Tofiq Zülfüqarovun fikrincə, Aİ Zəngəzur dəhlizinin Naxçıvandan keçən hissəsində yolların və ümumilikdə nəqliyyat infrastrukturunun yenidən qurulmasında da maraqlıdır:
“Aİ bu marşrutun Naxçıvan hissəsində yenidənqurma və modernləşmə layihələrində iştirak etmək istəyir. Texniki baxımdan daha müasir infrastrukturun qurulması üçün burada böyük işlərin görüləcəyi gözlənilir. Bu baxımdan, səfər çərçivəsində maliyyə və investisiya məsələlərinin də müzakirə olunması istisna deyil”.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta martın 11-də Bakıya rəsmi səfər edib və Prezident İlham Əliyevlə görüşüb. Görüşdən sonra yayılan birgə bəyanatda Aİ–Azərbaycan tərəfdaşlığının strateji əhəmiyyəti vurğulanıb, əməkdaşlığın təhlükəsizlik, enerji və nəqliyyat sahələrində dərinləşdirilməsi qeyd olunub. Bəyanatda həmçinin Aİ-nin Naxçıvan Muxtar Respublikasında dəmir yolunun modernləşdirilməsinə dəstək verməyə hazır olduğu bildirilib. Enerji sahəsində isə tərəflər Azərbaycanın Avropanın təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş rolunu bir daha təsdiqləyiblər.
Rüfət Sultan, BakuPost