Ru
13:05 / 09 Sentyabr 2026

Aİİ tezliklə Ermənistanla bağlı qərar verəcək: İrəvan odla su arasında

Aİİ tezliklə Ermənistanla bağlı qərar verəcək: İrəvan odla su arasında
Eye

Ermənistan Rusiya tərəfindən erməni məhsullarına tətbiq edilən məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi İttifaqına (Aİİ) rəsmi şikayət ünvanlayıb.

“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan bildirib.

Nazir müavini problemlərin Aİİ mexanizmləri vasitəsilə həll olunacağına ümid etdiklərini vurğulayıb.

O qeyd edib ki, Rusiyanın bu məhdudiyyətləri Aİİ sazişlərinə və prinsiplərinə cavab vermir.

Qeyd edək ki, “Rosselxoznadzor” 2026-cı ilin may ayından etibarən Ermənistandan Rusiyaya çoxsaylı kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər qoyub.

Görəsən, Aİİ-nin İrəvanın şikayətinə cavabı nə olacaq?

Siyasi şərhçi Elçin Xalidbəyli “Bakupost”a bildirib ki, Ermənistanın Rusiya ilə bağlı Avrasiya İqtisadi İttifaqına şikayət etməsi yalnız iqtisadi-ticari deyil, həm də siyasi xarakter daşıyır:


“İrəvan hazırda böyük sürətlə Rusiyadan uzaqlaşma siyasəti yürüdür və bu siyasətin nəticələrinin məsuliyyətini də birmənalı şəkildə Moskvanın üzərinə yükləməyə çalışır. Bəzi hallarda da Rusiyanın aqressiv təhdid xarakterli addımlarına şantaj xarakterli reaksiyalar verir. İndiki mərhələdə Aİİ-dən çıxmaq Ermənistanın iqtisadi-ticari maraqlarına qətiyyən cavab vermir”.

Bu səbəbdən də müsahibimiz hesab edir ki, rəsmi İrəvan quruma münasibətdə ikitərəfli siyasət yürüdür:

“Bir tərəfdən qurumda fəaliyyətini davam etdirir, digər tərəfdən də çalışır ki, təşkilatdan çıxmalı olsa, bunun günahkarı qismində Rusiyanı göstərə bilsin”.

Ekspertin sözlərinə görə, Aİİ-də təmsil olunan heç bir dövlət Ermənistanı dəstəkləməyəcək:

“Həmin dövlətlər birmənalı şəkildə Rusiyanın təsiri altında olduqlarına görə, İrəvana qarşı mövqe tutmağa üstünlük verəcək. Bu mövqe əslində indədən bəllidir. Bir müddət öncə Aİİ-nin bütün üzvləri ümumi bəyanat yayaraq, qurumdan xaric ediləcəyilə bağlı Ermənistanı xəbərdar etmişdilər. Hansı ki, həmin xəbərdarlığın reallaşma müddəti yaxınlaşır. İlin sonuna doğru Ermənistanla bağlı qərar qəbul oluna bilər. Bu əsasda rəsmi İrəvan qurumdan kənarlaşdırıla biləcəyini istisna etmir. Ona görə də Ermənistan bu istiqamətdə apardığı siyasi-ideoloji müzakirələri Rusiyanın günahlandırılmasına səbəblər yaratmaq istiqamətinə yönəldir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar