Ru
11:41 / 24 Sentyabr 2026

AİİQA-nın İdarə Heyəti formalaşdırıldı - FOTO

AİİQA-nın İdarə Heyəti formalaşdırıldı  - FOTO
Eye

Azərbaycanın ictimai iaşə və qastronomiya sektorunun aparıcı təmsilçiləri Bakıda keçirilən iclasda "Azərbaycan İctimai İaşə və Qastronomiya Assosiasiyası"nın (AİİQA) təsis prosesində həlledici addım ataraq idarəetmə orqanlarını formalaşdırıblar. Tədbir "Atelier 61 Restaurant"da baş tutub.

"Bakupost" xəbər verir ki, təşəbbüs qrupunun iştirakı ilə təşkil olunan iclasda Assosiasiyanın 9 üzvdən ibarət İdarə Heyətinin tərkibi müəyyənləşdirilib. Səsvermənin nəticələrinə əsasən, İdarə Heyətinin Sədri vəzifəsinə "Turan Restoranlar Şəbəkəsi"nin təsisçisi Mübariz Quliyev seçilib.

Sədr müavinləri vəzifələrinə Doğan Tomris (Turan Qastro Turizm Təhsil Mərkəzinin rəhbəri), Rəşid Hüseynov ("Yaban" restoranlar şəbəkəsinin sahibi) və Anar Rəsulov ("Clopos" şirkətinin əməliyyatlar üzrə direktoru) seçiliblər. Assosiasiyanın Baş katibi vəzifəsi isə Seymur Aslanlıya həvalə olunub.

İclas avqust ayında "Four Seasons Hotel Baku"da "Bir Ekosistem"in strateji tərəfdaşlığı ilə keçirilmiş və sektorun 231 nümayəndəsinin qatıldığı İctimai İaşə və Qastronomiya Forumunun davamı olaraq təşkil edilib. Həmin forum çərçivəsində "Clopos", Assosiasiya və "Bir Ekosistem" arasında sektorun rəqəmsallaşdırılması və ödəniş infrastrukturunun gücləndirilməsi istiqamətində üçtərəfli Anlaşma Memorandumu imzalanmışdı.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bu miqyasda böyük bir sektorun indiyədək vahid təmsilçi qurum ətrafında birləşmədiyini diqqətə çatdırıb və Assosiasiyanın fəaliyyətinə uğurlar arzulayıb.


Yeni formalaşdırılmış İdarə Heyəti qarşıdakı dövrdə Nizamnamənin yekunlaşdırılması, təsis sənədlərinin hazırlanması və Assosiasiyanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması üçün müraciət edəcək. Rəsmi qeydiyyatdan sonra üzvlük qəbuluna başlanacaq və fəaliyyət istiqamətləri üzrə daimi komissiyalar yaradılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda 25 mindən çox ictimai iaşə müəssisəsi fəaliyyət göstərir və bu sektorda 290 mindən artıq insan çalışır. AİİQA-nın strateji hədəfi nəhəng sektorun sistemləşdirilməsi, brendləşdirilməsi və ixrac potensialının reallaşdırılmasıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar