İyulun 28-də rusiyalı 26 yaşlı aktyor Aleksey Yarmuşçik özünün İnstaqram hesabında Rusiya Prezidenti Vladimir Putinə videomüraciət paylaşıb.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
O, Putinin onun prezidenti olmadığını və Krımı Rusiyaya məxsus hesab etmədini vurğulayıb:
“Vladimir Vladimiroviç Putin, salam. Adım Lyoşadır, mən teatr və kino aktyoruyam. Bezrukovun teatrında bir il yarım işləmişəm. Serialda baş rolda çəkilmişəm. Ümumiyyətlə, çox istedadlı aktyoram, bunu mənim peşəmdə çoxları bilir. Mən indi yata bilmədim və sizə demək istəyirəm: hər gün, hər gecə beynimdə sizinlə danışıram. Videoları necə çəkdiyimi, insanlara necə müraciət etdiyimi, ümumiyyətlə hər hansı bir işi necə gördüyümü. İndi isə uzanmışdım, sonra qalxdım, səhər saat 4:30-dur. Nə edəcəyimi bilmirəm, mənə kömək edin, məni xilas edin, yata bilmirəm. Nə etməliyəm? İndi bu videoya baxan hər kəs nə demək istədiyimi başa düşür. Sizin mənim prezidentim olmağınızı istəmirəm. Heç vaxt. Mənim 25 yaşım var. Yaşıdlarım arasında sizdən qorxmayan, sizin mənim prezidentim olmağınızı istəyən bir nəfər belə tanımıram. İndi tanıdığım, internetdə gördüyüm bütün yaradıcı insanları xatırlayıram.
Bircə Şaman! Bircə Şaman bütün “xarici agentlərə” qarşıdır! Yəqin ki, hazırda deyə biləcəyim ən yaxşı sözlər bunlardır. Ürəyim döyünür, nəfəsim kəsilir. Mən yer üzündə ən dürüst və ən səmimi insanam. Sadəcə əminəm ki, bir il ərzində məni izləyən 27 min nəfərin hamısı və mənim videolarımı bir-birinə göndərən hər kəs mənim kim olduğumu bilir və bilir ki, mən heç vaxt yalan danışmıram, həmişə yaxşı niyyətli olmuşam və s. Sizin mənim prezidentim olmağınızı istəmirəm! Bütün hökuməti buraxın! Sizin televiziyanıza baxmaq istəmirəm. Öz mahnılarımı dinləmək istəyirəm. VK-dən istifadə etmək istəmirəm, İnstaqramdan istifadə etmək istəyirəm, çünki o daha yaxşıdır. Bəli, mən zumerəm (Z nəsli), seçkiyə nadir hallarda gedirdim, ümumiyyətlə siyasətə fikir vermirdim. 14 yaşım olanda ingilis dili kursuna gedirdim və müəllimim dedi ki, Krıma görə ən yaxın dostu ilə dalaşıb. Mən hesab etmirəm ki, Krım bizimdir. Bu hansısa böyük və ya möhtəşəm bir fikir deyil, yaşıdlarımdan heç biri belə düşünmür. Bəlkə nə vaxtsa insanlar belə hesab edirdilər, amma indi artıq yox. Artıq nədən danışacağımı belə bilmirəm. İnstaqram lentimdə olan bütün insanlar, bütün tanışlarım ya ölkədən gedir, ya şok içindədir, ya da sadəcə bu barədə danışmırlar. Sizi prezident kimi sevən və sizə hörmət edən insanların harada olduqlarını bilmirəm. Siz mənim prezidentim deyilsiniz. Demək istədiyim tək şey bu idi. Gecəniz xeyrə qalsın”.