Ru
14:12 / 22 İyun 2026

Ali məktəbə qəbul reytinqində Sumqayıt niyə birincidir?

Ali məktəbə qəbul reytinqində Sumqayıt niyə birincidir?
Eye

Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsindəki qeydlərdən belə anlaşılır ki, böyük şəhərlər arasında ali təhsil müəssisələrinə qəbul göstəricilərinə görə Sumqayıt abituriyentləri birinci yerdədir.
Belə ki, Sumqayıtdan imtahanlarda iştirak edən 2759 oğlan abituriyentin 44,26 faizi, 2720 qız abituriyentin isə 49,85 faizi ali təhsil müəssisələrinə qəbul olunub.

Bu rəqəm isə respublika üzrə ümumi qəbul göstəricisindən xeyli yüksəkdir. Respublika üzrə qəbul göstəricisi oğlanlar arasında 37,03 faiz, qızlar arasında isə 41,91 faiz təşkil edib.

Dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul göstəricilərinin müqayisəsi də Sumqayıtın üstünlüyünü ortaya qoyur. Bu şəhərdən olan oğlan abituriyentlərin 27,87 faizi, qız abituriyentlərin isə 29,74 faizi dövlət büdcəsi hesabına maliyyələşdirilən plan yerlərinə qəbul olunublar.

Təhsil eksperti Sona Əliyeva Bakupost.az-a bildirib ki, Sumqayıt abituriyentlərinin qəbul göstəricilərinə görə önə çıxması heç də təsadüfi nəticə deyil:

“Sumqayıt şəhəri respublika daxilində təhsil keyfiyyəti və statistikası baxımından hər zaman yaxşı mənada fərqlənib. Həmçinin, bu nəticənin arxasında illərlə formalaşmış şəhər təhsil mühiti, valideynlərin təhsilə ciddi yanaşması, hazırlıq resurslarına çıxış və Bakı ilə yaxınlığın yaratdığı əlavə imkanlar dayanır”.

Ekspert qeyd edir ki, Sumqayıt nə ucqar rayonlar kimi resurs çatışmazlığı yaşayır, nə də Bakı kimi həddindən artıq dağınıq və sosial baxımdan parçalanmış təhsil mühitinə malikdir: “Şəhərin ölçüsü, sosial quruluşu və təhsil ənənəsi burada müəyyən bir akademik rəqabət formalaşdırıb. Valideyn bilir ki, uşağın ali təhsil alması ailənin sosial yüksəlişi üçün real yoldur. Bu düşüncə Sumqayıtda əhali arasında kifayət qədər geniş yayılıb. Digər önəmli məqam isə Bakıya yaxınlıqdır. Sumqayıt abituriyenti həm öz şəhərində məktəb və hazırlıq imkanlarından yararlanır, həm də lazım gəldikdə Bakıdakı müəllim, kurs və informasiya resurslarına çıxış əldə edir. Yəni Sumqayıt bu mənada iki üstünlüyü birləşdirir. Böyük şəhər resurslarına yaxın eyni zamanda kompakt, idarəolunan təhsil mühitinə sahibdirlər”.

Həmsöhbətimizin sözlərinə görə, Sumqayıtda qəbul göstəricisi davamlı olaraq yüksəkdirsə, bu, həm də məktəb-valideyn-şagird üçbucağında müəyyən işlək modelin olduğunun göstəricisidir:

“Burada məktəbin rolu, ailə nəzarəti, uşaqlar arasında rəqabət və ali təhsili sosial motivasiya kimi görmək, bütün bunlar birlikdə işləyir”.

Təhsil eksperti burada qızların nəticəsinin oğlanlardan yüksək olmasını da ürəkaçan məqam kimi dəyərləndirdi:

“Bu, artıq təkcə təhsil göstəricisi deyil, həm də sosial mesajdır. Sumqayıtda ailələrin qız uşaqlarının təhsilinə ciddi investisiya qoyması, onların ali təhsil vasitəsilə iqtisadi və sosial müstəqillik qazanmasına önəm verməsi açıq görünür".

Müsahibimizin fikrincə, Sumqayıt nümunəsi sadəcə tərif mövzusu yox, təhsil siyasəti üçün araşdırılmalı bir modeldir:

“Hansı məktəblər daha yaxşı nəticə verir? Bu nəticədə məktəbin payı nə qədərdir, repetitorun payı nə qədərdir? Ailə faktoru nə dərəcədə rol oynayır? Bu suallar cavablandırılsa düşünürəm ki, mövcud formalaşmış modeli bəlkə başqa rayon və şəhərlərə də tətbiq etmək olar. Ona görə də Sumqayıtın uğuru sistemli şəkildə öyrənilməli və digər regionlara uyğunlaşdırıla bilən tərəfləri müəyyən edilməlidir. Təhsildə real inkişaf ayrı-ayrı şəhərlərin uğuru ilə deyil, uğurlu nəticələrin ölkə üzrə bərabər paylanılması ilə ölçülməlidir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar