Ru
21:14 / 18 May 2026

Aliment ödəyə bilməyənlərin yerinə dövlət pul ödəyəcək? — AÇIQLAMA

Aliment ödəyə bilməyənlərin yerinə dövlət pul ödəyəcək? — AÇIQLAMA
Eye

Azərbaycanda alimentin ödənilməməsi problemi illərdir minlərlə ailənin, xüsusilə də uşaqların sosial rifahına ciddi təsir göstərir. Bir çox hallarda məhkəmə qərarı olsa belə, alimentin icrası mümkün olmur və yük birbaşa uşağı böyüdən valideynin üzərinə düşür. Bu səbəbdən dünyanın müxtəlif ölkələrində tətbiq olunan “Aliment Fondu” modelinin Azərbaycanda da yaradılması vaxtaşırı gündəmə gəlir. Bəs dövlətin alimenti əvvəlcədən ödəyib, daha sonra həmin vəsaiti borclu şəxsdən geri topladığı bu sistem Azərbaycanda nə dərəcədə effektiv ola bilər? Belə bir mexanizmin işləməsi üçün hansı iqtisadi və hüquqi şərtlər formalaşdırılmalıdır?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında aliment fondunun yaradılması ilə bağlı bu təşəbbüsləri irəli sürənlərin, problemin mahiyyətini dərindən bilmədiklərini bildirib:

"Məsələ ondadır ki, bizdə aliment fondu yaradıla bilməz, yaradılsa belə, effektiv olmayacaq. Aliment fondları nə üçün yaradılır? Ümumiyyətlə, aliment ödəməyənlər kimlərdir? Bunları araşdırmaq lazımdır. Əsasən alimentdən yayınanlar dörd qrupa bölünür. Birinci qrup həyat tərzi buna səbəb olan şəxslərdir. Ya kriminal aləmə mənsubdurlar, ya avara həyat tərzi keçirirlər, ya narkomandırlar, ya da başqa asılılıqları var. Bu səbəbdən onların heç vaxt sabit gəliri olmur, işləmirlər və aliment ödəmirlər. Belə şəxslərə aliment ödətdirmək fond vasitəsilə də mümkün deyil.

İkinci qrup isə ailə münasibətlərindəki incikliklər səbəbindən aliment ödəməyənlərdir. Məsələn, uşağı ona göstərmirlər və o da acıq edib aliment verməkdən imtina edir. Yaxud uşağı ataya qarşı yönləndirirlər, uşaq atadan uzaqlaşır və nəticədə ata aliment ödəmək istəmir. Bəzən də keçmiş həyat yoldaşı ilə aralarındakı konflikt buna səbəb olur. Halbuki aliment uşağa verilməlidir".

Ekspert qeyd edib ki, üçüncü qrup maddi imkanı çətin olan şəxslərdir. Onların qazanc yeri olmadığı üçün ödəniş edə bilmirlər. Dördüncü qrup isə müvəqqəti maliyyə problemi yaşayanlardır. Toplumda ən böyük payı birinci kateqoriya təşkil edir. Əgər rəsmi icra orqanları belə şəxslərdən vəsaiti yığa bilmirsə, yeni qurulacaq idarənin bunu necə həll edəcəyi sual doğurur.

"Ən böyük pay birinci kateqoriyanın üzərinə düşür. Əgər səlahiyyətli icra orqanları belə şəxslərdən alimenti ala bilmirsə, yaradılacaq hansısa fond bunu necə edə biləcək? Tutaq ki, dövlət həmin fond üçün 20-30 milyon manat vəsait ayırdı. Bunun üçün ayrıca idarə, ştat yaradıldı, işçilərə maaş verildi, xidməti avtomobillərin və digər xərclərin ödənişi həyata keçirildi. Sonra da müəyyən qədər vəsait ailələrə paylandı, amma geri yığım olmadı. Məsələ ondadır ki, dövlət alimenti birbaşa vermir. Fond alimenti ödəyir, sonra isə həmin məbləği borclu şəxsdən reqres qaydasında geri alaraq öz vəsaitini bərpa etməlidir. Yəni fond özünü maliyyələşdirə bilməlidir. Bunu nəzərə almadan belə təkliflər irəli sürənləri anlamaq çətindir. Əgər dövlət həmin fondu davamlı maliyyələşdirəcəksə, onda ayrıca fond yaratmağa nə ehtiyac var? Elə aliment ala bilməyən şəxslərə birbaşa sosial müavinət verilər. Üstəlik, belə fondların yaradılması ələbaxımlılığı da artırır. Fondun mahiyyəti odur ki, vəsaiti özü toplayır, çətin vəziyyətdə olan və aliment ala bilməyən ailələrə ödəyir, sonra isə borclu şəxsi taparaq həmin vəsaiti geri qaytarır. Hətta bəzi hallarda həmin vəsaitlər investisiya edilərək əlavə gəlir də əldə olunur.

Ancaq bizdə bu modelin işləməsi mümkün görünmür. Bu barədə danışanlar məsələ ilə bağlı ciddi təhlil aparmadan fikir bildirirlər. Mən hesab edirəm ki, bu, sadəcə əlavə bir qurum olacaq. Əgər Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi və probasiya xidməti bunu həyata keçirə bilmirsə, 20-30 nəfərlik ştatı olan hansısa fondun bunu etməsi də mümkün olmayacaq. O pulları geri qaytara bilməyəcəklər. Bəzi ölkələrdə bu sistem effektiv işləyir. Çünki həmin ölkələrdə adambaşına düşən ümumi daxili məhsul yüksəkdir, doğum səviyyəsi aşağıdır və dövlət bu fondlara davamlı subsidiya verir. Belə ölkələrdə bu model mümkündür. Bizdə isə dövlətin belə bir fondu davamlı subsidiya ilə maliyyələşdirməsi real deyil və buna ehtiyac da yoxdur. Əksinə, bu, aliment ödəməli olan şəxslərin məsuliyyətdən yayınmasına səbəb ola və əks-effekt verə bilər",- deyə o qeyd edib

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar