Avropa ölkələrində təhsil müəssisələrində dini simvollar, baş örtüyü və dildən istifadə ilə bağlı müzakirələr yenidən intensivləşib. İnteqrasiya proseslərini sürətləndirmək və məktəblərdə dünyəvilik prinsipini qorumaq məqsədilə atılan addımlar fərqli hüquqi və siyasi rezonans doğurur.
"Bakupost" xəbər verir ki, İtaliyada hökumətin hazırladığı yeni fərmanla məktəblərdə üzü tam örtən burqa və niqabın istifadəsinə qadağa qoyulub. Təhlükəsizlik və inteqrasiya tədbirləri çərçivəsində qəbul edilən qərara əsasən, həmçinin siniflərdə italyan dilini bilməyən xarici şagirdlərin nisbəti maksimum 30 faizlə məhdudlaşdırılacaq və ehtiyac yarandıqda valideynlər üçün məcburi dil kursları təşkil olunacaq.
Eyni zamanda, Almaniyada da oxşar mövzu siyasi gündəmə gətirilib. Xristian Demokrat İttifaqının (CDU) Qadınlar Birliyi 14 yaşınadək qız uşaqlarının məktəb və bağçalarda baş örtüyü taxmasının qadağan edilməsini təklif edib. Almaniyada hazırda rəsmi bir qadağa qəbul edilməsə də, qonşu Avstriyada 14 yaşadək uşaqlar üçün tətbiq olunan oxşar məhdudiyyətlər fonunda məsələnin hüquqi tərəfləri geniş müzakirə olunur.