Ru
12:16 / 12 Mart 2026

“Altıillik çəkişmə sona çatır” – Politoloq

“Altıillik çəkişmə sona çatır” – Politoloq
Eye

“Dehli Çinin Hindistan iqtisadiyyatına qoyduğu investisiya məhdudiyyətlərinin yumşaldılmasına qərar verib. Bu, Baş nazir Narendra Modinin Pekinlə əlaqələri bərpa etmək və altıillik çəkişməyə son qoymaq məqsədilə atılan addımdır”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, Yaxın Şərqdə müharibə fonunda Hindistan və Çin münasibətlərin normallaşmasına çalışırlar: “Asiyada iki nüvə silahına malik ölkə - Çin və Hindistan arasında 2020-ci ildə sərhəddə gərginlik yaşamışdı. İki ölkənin sərhədçiləri arasında baş verən toqquşmadan sonra Dehli Pekinlə siyasi və iqtisadi əlaqələri məhdudlaşdırmağa qərar vermişdi. Dehli bundan başqa Çinin Hindistana yatırımlarına məhdudiyyət qoymuş, müxtəlif birgə layihələr dondurulmuşdu. Hindistan milli təhlükəsizlik narahatlıqlarını əsas gətirərək TikTok da daxil olmaqla Çin mənşəli 59 texnoloji şirkətin fəaliyyətini qadağan etmişdi. Dehli Çinin nəhəng avtomobil istehsalçısı olan BYD-nin 1 milyard dollarlıq investisiya təklifini rədd etmişdi”.

E.Şahinoğlu vurğulayıb ki, Hindistan və Çin 2024-cü ildə dörd illik hərbi qarşıdurmaya son qoymaq üçün mübahisəli sərhədlərini patrul etmək barədə razılığa gəldilər: “Bu ona görə vacib idi ki, sərhədin dağlıq hissələrində növbəti dəfə toqquşma baş verməsin. Bu qərardan bir il sonra Hindistanın baş naziri Narendra Modi 7 illik fasilədən sonra Çinə səfər etdi. Bu səfər nəticəsində Hindistan və Çin arasında beş illik fasilədən sonra birbaşa uçuşlar bərpa olundu”.

“Hindistanla Çinin yaxınlaşması ABŞ və İsrailin İrana qarşı müharibəni davam etdirməsi fonunda baş verib. Bu müharibədən həm Çin, həm də Hindistan əziyyət çəkir. Hər iki dövlətin İrana yatırım planları var idi. Bundan başqa İranın Hörmüz boğazını atəş altında saxlaması Çinin və Hindistanın Körfəz ölkələrinin enerji resurslarına çıxış imkanlarını məhdudlaşdırıb. Belə vəziyyətdə Pekin və Dehli öz aralarında iqtisadi əlaqələri genişləndirməyə qərar veriblər”, – deyə politoloq açıqlamasında bildirib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar