Ötən gün paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışı olub. Məlumata görə, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək.
Təxminən 11 hektar ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyalarından istifadə ediləcək. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.
Bəs Azərbaycanda uşaq bezləri və digər gigiyenik məhsulların yerli istehsalı ilə qiymətlər düşə bilərmi?
Mövzu ilə bağlı
“Bakupost”a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda uşaq bezləri, qadın gigiyenik vasitələri, yaş salfetlər və digər gigiyenik məhsulların yerli istehsalının genişlənməsi qiymətlərə müəyyən qədər aşağı təsir göstərə bilər.
Onun sözlərinə görə, bunun əsas səbəbləri idxaldan asılılığın azalması, logistika və gömrük xərclərinin aşağı düşməsi, eləcə də bazarda rəqabətin artmasıdır:
“Məhsul ölkə daxilində istehsal edildikdə xarici valyutanın məzənnəsindən və beynəlxalq daşınma xərclərindən asılılıq da müəyyən qədər azalır. Lakin yerli istehsalın başlaması avtomatik olaraq mağazada qiymətlərin dərhal ucuzlaşacağı anlamına gəlmir. Çünki uşaq bezlərinin və digər gigiyenik məhsulların əsas xammalı, xüsusilə xüsusi sellüloza, superabsorban materiallar və bəzi polimerlər yenə də xaricdən gətirilə bilər. Avadanlığın amortizasiyası, enerji, əməkhaqqı, qablaşdırma və digər istehsal xərcləri də məhsulun maya dəyərinə daxil olur. Buna görə yerli məhsulun rəqabət qabiliyyəti yalnız “Azərbaycanda istehsal olunur” faktından deyil, onun nə qədər aşağı maya dəyəri ilə istehsal edilməsindən asılı olacaq”.
A.Nəsirli hesab edir ki, istehlakçının real ucuzlaşma hiss etməsi üçün yerli istehsalın bazarın əhəmiyyətli hissəsini təmin etməsi və idxal məhsulları ilə rəqabət aparması vacibdir:
“Əgər bir neçə yerli istehsalçı bazara daxil olsa, marketlərdə alternativlər çoxalsa və distribusiya xərcləri azalsa, qiymətlərin aşağı düşməsi və ya ən azı qiymət artımının qarşısının alınması daha realdır. Əksinə, yerli istehsalçının bazarda faktiki inhisar mövqeyi yaranarsa, istehsalın ölkə daxilində olması özü-özlüyündə ucuz qiymətə zəmanət vermir”.
İqtisadçı dövlət dəstəyinin də qiymətlərə təsir edə biləcini vurğulayıb:
“Xammal və avadanlıqların idxalına güzəştlər, investisiya təşviqləri, kommunal və logistika xərclərinin optimallaşdırılması yerli məhsulun maya dəyərini aşağı sala bilər. Bu güzəştlərin bir hissəsinin istehlakçıya qiymət vasitəsilə ötürülməsi təmin olunarsa, yerli istehsalın sosial effekti daha böyük olar.
Ona görə ən real ssenari odur ki, yerli istehsal ilk mərhələdə bütün məhsulları kəskin ucuzlaşdırmasa da, bazarda rəqabəti artıraraq qiymətlərin artım tempini zəiflədə bilər. İstehsal həcmi böyüdükcə, xammalın bir hissəsinin də ölkə daxilində istehsalı mümkün olduqca və logistika xərcləri azaldıqca, uşaq bezləri və digər gigiyenik məhsulların istehlakçı üçün daha münasib qiymətə satılması imkanları da artır”.
Lalə, BakuPost