Ru
16:22 / 15 Oktyabr 2026

Ankara tələyə salınır, biz isə əl çalırıq, oda yağ atırıq

Ankara tələyə salınır, biz isə əl çalırıq, oda yağ atırıq
Eye

Azərbaycandakı orta məktəblərdə hicab qadağasına Türkiyədən reaksiyalar o qədər çoxalıb ki, təəccüb edirsən və təbii bir sual yaranır: Doğrudanmı problem Netanyahunun çıxışı zamanı Azərbaycanın 7 nümayəndə heyətindən birinin zalda qalması ilə başladı?

Doğrudanmı “dava” orta məktəblərdə hicab qadağasıdır?

Axı, sanki illərlə güdükdə gözləyirlərmiş kimi davranma müşahidə edilir; Axı dünənə qədər “Can Azərbaycan” deyənlərin səsi çıxmır, efirlər yalnız obıvateldən də qat-qat aşağı səviyyəli olanların yalan xəbərlər üzərində qurduqları məntiqsiz “şərhlərlə” dolub-daşır...

İki gündür sosial şəbəkələri, Yutub kanallarını izləməyə çalışıram: çox qəribədir, bu qədər yanlış düşüncə və naqolay baxış hardan doğur?

Aydın Ünal adlı bir qardaşımız deyir ki, məsələ baş örtüyü deyil, bundan öncə də bir şeylər söyləndi...

Amma nə söyləndiyini demir! Demir ki, 25 sentyabrda BMT Baş Assambleyasında Netanyahu çıxış edərkən Azərbaycanın 7 nəfərlik nümayəndə heyətindən bir nəfərin zalda qalmasına görə Türkiyədən gözləmədiyimiz, aşırı, ardı-arası kəsilməyən aşağılanmalara məruz qaldıq.

Aydın Ünal deyir ki, qarşı qarşıya gəlsək, bilin ki, səbəbi Azərbaycandır!

Niyə, canım-gözüm? “Qarşı-qarşıya gələriksə” ehtimalı necə ağlının ucundan keçə bilər? Kimdir sizin beyninizə oturan?

Azərbaycan nümayəndəsi BMT-də zaldan çıxmadı deyə, ən aşağı səviyyədə təhqirlərlə bütün sosial şəbəkələri doldurmaq nəyə lazım idi?

Sanki bu mesajı anlayır Aydın Ünalın efir yoldaşı, İsmayıl Kılıcarslan, deyir, Əliyevi sevmirəm, sevməyə borclu da deyiləm.
Nəymiş səbəb? Çünki Əliyev İsraillə çalışırmış, bu da İsraili sevmirmiş...

Siz tarixi bilmirsiniz, İranın Azərbaycan siyasətindən xəbərsizsiniz, Azərbaycanın hansı coğrafiyada yerləşdiyini və necə təhdidlərlə üz-üzə qaldığını hiss etmirsiniz!

Heydər Əliyev hakimiyyətə qayıdan kimi ilk olaraq İranla münasibətləri ən yüksəyə qaldırmaq istiqamətində təşəbbüs göstərdi. Bu nəhəng siyasət adamı İrana səfər etdi, Əli Xamenei də daxil olmaqla, çoxsaylı görüşlər keçirdi.


Əli Xamenei rəsmi görüşdə Azərbaycanın lideri ilə, dünyanın ən nəhəng imperiyasının idarəetməsində olmuş böyük siyasətçi ilə oyun oynamaq yolunu tutdu, ruscaya tərcümə ilə danışmağa başladı və sonra da Heydər Əliyevin qəti etirazına “Biz elə bilirik sizin diliniz rus dilidir” deyə, heç özünün də inanmadığı uydurma bir cavab verməyə çalışdı.

Heydər Əliyevin bu sözün qarşılığında nələr dediyini hər kəs izləyə bilər, video-görüntüləri hər yerdədir...

Sonra mətbuat konfransında Xəzər dənizinə “Mazandaran gölü” deyilməsinin şahidi olduq – bu da əlbəttə ki, yazılmış ssenari idi.
Heydər Əliyevin buna cavabı da hər yerdə var!


Bu iki fakt kifayətdir ki, Heydər Əliyevin İranla münasibətləri inkişaf etdirmək istəyinə İslam Respublikasının rəhbərlərinin hansı reaksiya verdiyini təxmin edəsən!

Heydər Əliyev təşəbbüs göstərdi, bir daha İranın Ermənistana hərbi-siyasi və iqtisadi dəstəyini və erməni sevgisindən imtina etməyəcəyini, “müsəlman torpağının” işğalı üçün xristian ermənilərə daim arxa olacağını gördü və hər kəsə də göstərdi!
İranın Azərbaycana qarşı hansı ədalətsiz siyasət izlədiyini, niyə erməniləri müdafiə etdiyini Şeyx Sübhi Tüfeylinin dilindən də eşidə bilərsiniz – izləməmisinizsə, buyurun!



Azərbaycan torpağı işğal olunmuşdu; 1 milyon azərbaycanlı qaçqın-köçkün düşmüşdü; Azərbaycana təcavüz edilmişdi və İran beynəlxalq hüquqa, haqqa, insanlığa və müsəlman təəssübkeşliyinə uyğun davransaydı, mütləq Azərbaycanı müdafiə etməliydi.
Ancaq İran işğalçı xristiana qardaş deyib, arxasında durdu!

Düz sərhədində şiə qardaşına qarşı xristian işğalçını müdafiə edən İranın Fələstin-Qəzza-Qüds nağıllarına inanırsınız? Ərəblərə düşmən kəsilən İran Fələstini müdafiə edən çıxıb?

Bu böyük, ədalətsiz, vicdansız siyasi oyunlara qarşı Azərbaycan durmalıydı və ona görə də İsraillə yüksək səviyyəli əməkdaşlıq quruldu!

İsraillə münasibətlər yalnız bizə heç kim silah satmayanda İsrailin silah satması-filan üzərində qurulmayıb. İsraildən silahı pulumuzu verib almışıq və bəzən qat-qat bahasına!

Məsələ ayrıdır: nə qədər ki İranın antiazərbaycan siyasəti davam edir; nə qədər ki İran rəsmiləri “farslar və ermənilər əzəli qardaşdır” deyir; nə qədər ki ermənilər Qarabağı işğal edəndə dövlət sərhədlərinin pozulması yadına düşməyən İran Azərbaycan qalib gəlib, sərhədini bərpa edən kimi Ermənistanın ərazi bütövlüyünü öz “qırmızı xətti”nə çevirib, sərhədimizə ordu yığmaqla məşğul olur, İsrail Azərbaycanın ən yaxın dostu-qardaşı olmağa davam edəcək!

Başa düşün ki, İsrail İrana qarşı Azərbaycanın ən güclü gedişidir, ən böyük kartıdır, bu kartı heç bir halda əldən verə bilmərik!
İsrail (və təbii ki, müttəfiqi ABŞ) Azərbaycanın, obrazlı desək, indiki halda “nüvə silahıdır”, milli təhlükəsizlik qarantlarından biridir…

Amma bu, Azərbaycanın Fələstinlə bağlı siyasi mövqeyinə qətiyyən təsir etmir: bütün platformalarda Azərbaycan Türkiyə ilə eyni mövqedən çıxış edir!

Bəs, niyə narahat olursunuz ki! İsrail işğalına qarşıyıq, Türkiyənin Yaxın Şərq siyasətini izləyirik, Fələstinə maddi yardım edirik, Bakıda Fələstin nümayəndəliyini öz pulumuzla saxlayırıq, Mahmud Abbası, Şaranı paytaxtımızda yüksək səviyyədə qarşılayırıq, Suriyaya qaz yardımı edirik və s.

Türkiyə ilə harda bir yerdə deyilik? Nə vaxt Türkiyənin siyasətinə qarşı getdik? “Qarşı-qarşıya gələriksə” nədən Azərbaycan günahkar olmalıdır ki?

Əhməd Anapalı deyir, Turanı biz bilirik, türk ölkələri, Azərbaycan anlamır!

Əziz qardaşım, türk dünyasının beyni, ideya mərkəzi, ağlı, düşünən başı hər zaman Azərbaycan olub!

Azərbaycan – müsəlman aləmində elmə bəlli olan 470 təriqətin 400-nün ana vətənidir – beyin, düşüncə, fərqli fikir toqquşmaları həmişə Azərbaycandan çıxıb!

Türkiyədə mövcud olan, başa keçirilən və indi də yaşayan təriqətlərin mürşidləri kimlər olub? Mövlanənin ustadı kimdir?

Əziz qardaşım, Türkiyə millətçiliyinin “babası” Göyalp kimin tələbəsidir? Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə Türkiyədə müasir millətçiliyin əsasını qoymayıbmı?

Hətta bolşevik Nəriman Nərimanov 1921-ci ildə Turan qurmağa cəhd göstərib – Atatürkə maddi-mənəvi yardım edib, Orta Asiyaya ideoloqlar göndərib...

Müasir dövrdə Turan ideyasının həyata keçirilməsində ilk möhtəşəm addımı atan Heydər Əliyevdir!

Heydər Əliyev nəyin bahasına Bakı-Ceyhanı çəkdirdi – bunu öyrənin, xahiş edirəm!

Və İlham Əliyev bu siyasəti davam etdirdi və indiki TDT-nin bünövrəsini də Naxçıvanda, 2009-da qoydu!

Əziz qardaşım Anapalı Əhməd, siz türklərin qədim ənənələrini belə unutmuşdunuz. Türkçülərin simvollarına qədər biz xatırlatmadıqmı? Alparslan Türkeşin məhz Bakı səfərindən sonra Bozqurd işarəsi və Novruz ənənələrinə sahib çıxmasını unutdunuzmu?

Bahadırxan Dinçaslan qalxır, arxasına Elçibəyin fotosunu asır və Heydər Əliyevdən, İlham Əliyevdən xoşlanmadığını deyir – səbəbi də oymuş ki, Elçibəyi “o cür etdilər”.

Nə cür etdilər, qardaşım? Elçibəy bütün həyatı boyu Heydər Əliyevin fotosunu evində saxlamayıbmı? Heydər Əliyevin hakimiyyətə gəlməsini Elçibəy özü istəmədimi? Süleyman Dəmirəlin müsahibəsini, Elçibəylə məsləhətləşməsini və Azərbaycanı xilasın yeganə yolunun Heydər Əliyevin hakimiyyətə gəlməsi olduğuna qərar verdiklərini dediyini niyə izləmirsiniz?

Axı niyə oxumursunuz, niyə baxmırsınız, niyə deyilənləri eşitmirsiniz?

Heydər Əliyevin Qarabağı güzəştə getməsinə görə təzyiqlər qarşısında apardığı möhtəşəm mübarizəsini müxalifət içindən dəstəkləyən yeganə şəxs Elçibəy deyildimi? – digər müxaliflər ABŞ/Fransa səfirlərinin məsləhəti ilə cınqırlarını çıxartmırdı.
Heydər Əliyevin Bakı-Ceyhan israrına Elçibəy dəstək göstərmirdimi?

Yoxsa biriləri bu marşrutun İrandan keçməsini, digərləri isə “Novorossiyki” xəttini “gücləndirməyi” şərt kimi qoyurdu...

Yenidən Rifah Partiyasının sədri Fateh Ərbakan deyir ki, heç Ermənistanda hicab qadağan olunmayıb...

Buna cavab verilib sosial şəbəkələrdə - adam bilmir ki, Ermənistanda müsəlman yoxdur, hicab da yoxdur, türk də yoxdur; yalnız erməni və ermənilik var. Bu qədərini bilməyən və bilmədiyini bilməyənə nə deyəsən?

Yaşlı-başlı ekspert çıxır, Azərbaycanla bağlı şərhə başlamazdan öncə türk millətçiliyi, Turan haqda danışır və deyir: “Bu yaxında da tədbir oldu e, nədir o ölkənin adı? Türkmənbaşıdır-nədir...”

Əziz qardaşım, sən heç Türkmənistanın adını bilmirsən, ay qibləsiz, hələ durub Turandan danışıb, Azərbaycanı təhlil edirsən?..

...Bu sitatlar Azərbaycana sevgisini efirdə bildirərək danışan, adlarının önündə bir qucaq titullar yazılan, sosial-ictimai statusa malik, tanınmış ekspertlərdəndir haa! Özünü-sözünü bilməzlərin isə sayı-hesabı yox...

Azərbaycanı sevib, azərbaycanlılara tərif deyib, İlham Əliyevin ünvanına necə o cür sərt sözləri dilə gətirə bilirsiniz?

Baxın, mən Ərdoğanı sevirəm, sayğım var – hətta sayğım olmaya da bilər, sevməyə də bilərəm – amma qalxıb, “Mən Ərdoğanı sevmirəm, sevməyə borclu deyiləm, çünki ermənilərlə ağız-ağıza öpüşüb, Qarabağın erməni torpağı olduğunu deyən Fələstin liderləri ilə qardaşlıq yapır” demərəm.

Sevməsəm, susaram – çünki Ərdoğanı Türkiyə xalqının 52%-i seçib. Mən necə Türkiyəni sevirəm ki, türk xalqının yarıdan çoxunun seçdiyi liderə dişimin dibindən çıxanı deyirəm!

Qardaşım, İlham Əliyev seçkidə 92 faiz səs toplayıb və inanın, and olsun Allaha, İlham Əliyevin səsi azaldılmışdı! Əslində İlham Əliyevin reytinqi 98%-dən çoxdur.

Sən məni çox istəyirsən, azərbaycanlıları sevirsən, amma azərbaycanlıların 98 faizinin - olsun 90 faizinin, lap olsun 70 faizinin – seçdiyi adamı tənqid də yox, təhqir etməyə qalxırsan?

Ən narahatedici məqam isə bu sözlərin azərbaycanlılara pis təsir etməsi, hətta azərbaycanlı düşüncə-fikir adamlarının da axına qoşulması və Türkiyə ilə “Çaldıran savaşı”na girməsidir!

Sanki burada da bəziləri fürsət-məqam gözləyirmiş ki, Qardaş Türkiyəyə dil uzatsınlar!

Demək, Rusiya və Ukrayna kimi, bizi də üz-üzə gətirmək mümkün imiş?

Kim işləyir bu planın üstündə? Kim qurur bu oyunları? Kimdir Bakıda bugünkü böyük tədbir, 30 oktyabrda Ankarada TDT sammiti ərəfəsində bu cür ixtilaf yaradan?

Kimdir Ərdoğanın bugünkü Bakı səfərini ləğv etdirib, İlham Əliyevin 30 oktyabrda TDT sammitinə getməməsinə çalışan?

Kimdir İlham Əliyevin Türkiyə ilə münasibətləri ən yüksəyə qaldırdıqdan sonra 5+1 formatı ilə Orta Asiyaya – Türküstana girməsindən dəli olan?

Kimdir Türküstanın da artıq TDT-yə getdikcə daha çox bağlanmasından əndişəyə düşən?

Kimdir hicabı fürsət görüb, Azərbaycanı hədəfə çıxaran?

Tanrı sizə heç fürsət verməsin!

Tanrı qardaşlığımızı qorusun!

Tanrı Türkü Qorusun!

Anar Niftəliyev


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar