Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 2 il ötür.
Bakupost.az xəbər verir ki, modern.az gizir Şərafəddin Xankişiyevlə həmsöhbət olub.
“Antiterror əməliyyatlarının hər anını xatırlayıram. Çünki bu əməliyyatlarda bizim böyük fəaliyyətimiz olub", - bunu saytımıza danışan müsahibimiz - 32 il sonra Xankəndiyə ilk ayaq basan Şərafəddin Xankişiyev deyib.
O bildirib ki, əsas məqsədimiz Xankəndi və Xocalının işğal altında qalmasına imkan verməmək, nə yolla olur-olsun bu əraziləri azad etmək idi.
“Bu məqsədlə əlimizdən gələni etdik və torpaqlarımızın azad olunmasında fəal iştirak etdik.
Antiterror əməliyyatından təxminən 8 gün öncə polkovnik İdris İsayevlə birlikdə Xankəndi ərazisinə kəşfiyyata getdik. 7 gün ərzində düşmən arxasında qalıb ərazini fasiləsiz müşahidə etdik. Bu müddət ərzində düşmənin 9 gizli postunun yerini dəqiqliklə müəyyən edib öz bölməmizə ötürdük. Həmin postlar sonradan artilleriya zərbələri ilə sıradan çıxarıldı və bu, xüsusi təyinatlı qüvvələrin düşmən arxasına sərbəst keçməsinə şərait yaratdı”.
Həmsöhbətimiz deyib ki, bundan əlavə, həmin istiqamətdə düşməni aldatmaqla, silah-sursatın keçidini də təşkil ediblər:
“Bu silahları İsa bulağı istiqamətinə təhlükəsiz şəkildə çatdırdım.
Qeyd edim ki, antiterror əməliyyatından təxminən 10 gün öncə Şuşa şəhərindən ön cəbhəyə ağır silahların daşınması prosesində də fəal iştirak etmişəm. Həmin vaxt Rusiya sülhməramlıları silahlarımızın geri qaytarılmasına çalışsa da, biz 7 nəfərlik qrup şəklində silah sursatı ərzaq məhsullarının içində gizlədib, onları yenidən maşınlara yükləyərək ön cəbhəyə daşıdıq”.
Müsahibimiz həmçinin vurğulayıb ki, əldə edilən məlumatlar nəticəsində antiterror əməliyyatının ilk dəqiqələrindəcə düşmənin gizli postları tamamilə məhv edilib:
“Əldə olunan üstünlük sayəsində bölmələrimiz sürətlə irəliləyə bildi.
Müharibənin son saatlarında Xankəndi dağlarının ətəyində yerləşən çox strateji əhəmiyyətə malik bir postun yerini də bölməmizə ötürmüşdüm. Bu post 45 nəfərlik düşmən heyəti tərəfindən qorunurdu və bölmələrimiz onu ələ keçirməkdə çətinlik çəkirdi. Həmin anda şəxsi təşəbbüsümlə, “Faqot” silahımdan açdığım birinci atəşlə - raket vasitəsilə bu postu tam mərkəzdən vurdum və nəticədə oradakı bütün heyət məhv edildi.
Bu əməliyyat nəticəsində yüksəklik bizim nəzarətimizə keçdi.
Qeyd etməliyəm ki, bu əməliyyatlarda təkcə antiterror mərhələsində deyil, 2012-ci ildən etibarən davamlı şəkildə düşmənə qarşı döyüş tapşırıqları icra etmişik. 2012–2016-cı illər ərzində düşmənin bir çox mövqelərini sıradan çıxardıq. 2016-cı ilin aprel döyüşlərinin ardından 44 günlük Vətən Müharibəsi təcrübəsi 2023-cü ildə tam şəkildə tətbiq olundu – nəticədə torpaqlarımız işğal altından azad edildi”.
Müsahibimiz həmçinin antiterror əməliyyatından bir il öncə baş vermiş sarsıdıcı zərbə döyüş tapşırığında 4 günlük döyüşdə aktiv iştirak etdiyini də diqqətə çatdırıb:
“Bu müddət ərzində düşmənin texnikalarına ağır zərbələr vuruldu və onlara ciddi itkilər verildi. Biz döyüşə tam hazırlıqlı və yüksək motivasiya ilə qatılmışdıq.
Düşmənin postları vurulduqdan sonra onların 2-3 nəfərlik qrup halında Xankəndi və Xocalıdan qaçmağa çalışdıqlarını da müşahidə edirdik. Lakin bu zaman snayper atəşləri nəticəsində bizim bölmələrimiz də itkilər verdi. Ən yaxın dostlarımız, qardaşlarımız şəhid oldu. Onların xatirəsini daim yaşadacağıq”,- deyə Şərafəddin Xankişiyev nitqini sonlandırıb.