“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”.
"Bakupost" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bildirib.
Onun sözlərinə görə, Moskva buna baxmayaraq, Cənubi Qafqazda sülh və rifahın mümkün qədər tez əldə olunması üçün dostcasına lazımi dəstəyi göstərməyə hazırdır.
Kaluqinin bu açıqlaması əslində təmsil etdiyi ölkənin Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasının iflasa uğradığını istəməsə də, etiraf etməsi deməkdir.
Hazırda Rusiyanın diqqəti Ukrayna müharibəsinə yönəlib. Bu əsasda Moskva Qərbin ciddi sanksiyaları ilə üz-üzədir. Mövcud vəziyyətdə vaxtilə Rusiyanın kaprizlərilə oynamaq məcburiyyətində qalan ölkələr də onunla məsafə saxlamalı olurlar. Nəticədə Rusiyanın yaxın qonşulara təsir imkanları da azalır.
Belə durumda isə Moskvanın hansısa dövlətlər arasında münasibətlərdə vasitəçilik etmək istəyi olsa da belə, onun baş tutacağı birmənalı olaraq mümkün deyil.
Başlıcası isə ABŞ-də Donald Trampın hakimiyyətə gəlişilə Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində vasitəçilik missiyasını Vaşinqton tamamilə öz əlinə alıb. Bunun nəticəsi olaraq keçən ilin avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi üçtərəfli görüş baş tutmuş və onun nəticəsi olaraq Bakı ilə İrəvan arasında sülh müqaviləsi paraflanır. Həmin hadisədən keçən müddətdə isə Bakı ilə İrəvan arasında münasibətlərdə xeyli irəliləyişlər baş verir. Tərəflər artıq iqtisadi əlaqələrə də start veriblər.
Burada daha önəmlisi isə odur ki, Azərbaycan və Ermənistan münasibətlərin normallaşmasında kənar vasitəçilərdən daha çox öz aralarında ikili görüş və təmaslara üstünlük verib.
Bütün bunlar onu deməyə əsas verir ki, sözügedən məsələdə Moskvanın vasitəçilik missiyası artıq keçmişdə qalıb. Rusiyanın bundan sonra bu yöndə çabaları olsa da, aydın məsələdir ki, nəticə verməyəcək. Artıq qatar gedib…
Rüfət Sultan,
BakuPost