Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılış mərasimi keçirilib.
"Bakupost" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, Türkmənistana akkreditə olunmuş diplomatik korpusun üzvləri və incəsənət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva incəsənətin və təbiəti qorumağın xalqlararası münasibətlərdəki mühüm rolunu vurğulayıb. O, incəsənətin müxtəlif xalqları mədəniyyət baxımından yaxınlaşdırdığını, insanların qəlbində gözəlliyə sevgi oyatdığını və ümumi humanitar dəyərlər ətrafında birləşməyə kömək etdiyini bildirib. "Bugünkü sərginin əsas mövzusu təbiətdir. İnsanla təbiət arasındakı harmoniya sabit inkişafın ayrılmaz şərtidir. Təbiətə qayğı ilə yanaşmaq, onun gözəlliyini və zənginliyini gələcək nəsillərə çatdırmaq hər bir insanın, eləcə də bütün cəmiyyətin mühüm vəzifəsidir", - deyə O.Atabayeva diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş olunan əsərlər və iki ölkənin ortaq ekoloji məsələləri barədə fikirlərini bölüşüb. O, sərgidə 35 ölkədən 62 rəssamın 116 əsərinin nümayiş olunduğunu, həmçinin burada türkmən rəssamların əsərlərinin də yer aldığını qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti təqdim olunan hər bir əsərin təbiətimizin gözəlliyini, gücünü və kövrəkliyini özünəməxsus şəkildə üzə çıxararaq onu qorumağın nə qədər vacib olduğunu bir daha xatırladığını bildirib. Ekspozisiyanın ziyarətçilərdə zəngin emosiyalar yaradacağını və onlara ilham bəxş edəcəyini qeyd edən Leyla Əliyeva deyib: "Azərbaycan ilə Türkmənistanı təkcə qədim tarix və mədəniyyət deyil, həm də ümumi təbii irsimiz olan Xəzər dənizi birləşdirir. Təəssüf ki, son 10 il ərzində Xəzər dənizində suyun səviyyəsi xeyli aşağı düşüb. Nəticədə Xəzər suitisi və nərəkimilər kimi nadir heyvanlar nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalıb".
IDEA İctimai Birliyinin fəaliyyətinə də toxunan Leyla Əliyeva qurumun istər Azərbaycanda, istərsə də bütün dünyada bu cür problemlərin həllinə yönəlmiş çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
Sonra qonaqlar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.
Eksponatlar sırasında Türkmənistanın dekorativ-tətbiqi sənət nümunələri də yer alıb. Burada milli musiqi alətləri, xalçalar, milli baş geyimləri, qədim zinət əşyaları, həmçinin türkmən xalqının maddi-mədəni irsini əks etdirən nümunələr sərgilənir.
Qeyd edək ki, MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi Azərbaycan da daxil olmaqla, bir çox ölkədən sənətkarları bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm, toxuculuq və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir.